F-35 proqramından çıxarılmamışıq. Sadəcə heyətlə bağlı bəzi addımlar atıldı.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, heç bir ortaq Türkiyənin F-35 proqramından çıxarılmasını dəstəkləmir: “Bunun siyasi, hərbi və texnoloji ölçüsü, bir də təbii ki, maliyyə məsələsi var. Türkiyə bu proqramdan çıxarılsa, hər bir F-35 təxminən 7-8 milyon dollar daha baha olacaq. Personalın girişinə mane yaradılsa da layihədən çıxarılma məsələsində hər hansı addım atılmayıb”.
Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gizli razılaşmaya dair səslənən iddialara da reaksiya verib. Nazir belə bir anlaşmanın olmadığını söyləyib: “Məxfi razılaşmaya ehtiyac yoxdur. Ərdoğan da, Tramp da siyasətlərində açıqdırlar. İkisinin də bir-birinin bu xasiyyətindən xoşu gəlir. İki ölkə arasında problemin həlli üçün diplomatiya çalışmalıdır”.
Nazir Trampla Ərdoğanın müntəzəm əlaqə saxladığını deyib: “Türkiyəni itirmək istəməyən Trampı görürük. ABŞ daxilində başqa fikirlər də səslənir. ABŞ-ın iddiasına görə, F-35-lə S-400 sistemləri bir arada ola bilməz. Biz isə bunun əksini deyirik. ABŞ bu təklifimizə yaxın gəlmir”.
Mövlud Çavuşoğlu Trampın Türkiyəyə sanksiya tətbiq etmək istəmədiyini vurğulayıb: “Biz Patriot başda olmaqla lazımi müdafiə sistemlərini istədik. Müxtəlif bəhanələrlə bizə bunları təslim etmədilər. Biz də Rusiya ilə S-400 sazişini imzaladıq. Türkiyənin müdafiə sistemində bu lazım idi, Tramp bunu anlayır”.