Rusiya Xarici İşlər Nazirliyində keçmiş sovet respublikalarındakı münaqişələrlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan nazir müavini Qriqori Karasin Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Volınkinlə əvəz ediləcək. Bu faktın özü də göstərir ki, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı baxış bucağından yanaşır.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, İvan Volınkin İrəvanda səfir işləyərkən hər müsahibəsində və açıqlamasında Ermənistanı Rusiyanın bölgədəki əsas və əbədi müttəfiqi adlandırırdı:
“Ermənilər və ruslar bir-birinə ruhən bağlıdırlar” deyən İvan Volınkin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezident Vladimir Putinə normal məsləhət verə bilərmi?
2017-ci ildə Ermənistanın “Şant” adlı televiziya kanalının jurnalistləri işğal altındakı torpaqlardan Azərbaycan ərazilərini çəkərkən atəşə məruz qalmışdılar. İvan Volınkin tərxribat yaradan erməni jurnalistlərinin Azərbaycan həbçilərinin atəşinə məruz qalmasını bu sözlərlə pisləmişdi: “Humanitar hüququn tapdalanmamasına etiraz edirəm, jurnalistlər və həkimlər hədəf götürülməməlidir”.
Bu sözləri deyərkən çəkilişin hansı ərazidə və hansı məqsədlə aparıldığı rusiyalı diplomatı az maraqlandırırdı. Volınkin bölgədə status-kvonun uzanmasına, başqa sözlə işğalın davam etməsinə xidmət edən açıqlamaları ilə də yadda qalıb”.
Qeyd edək ki, Q.Karasinin istefasına səbəb dövlət qulluğu üçün nəzərdə tutulan son yaş həddinə, yəni 70 yaşa çatmasıdır. O, Rusiya xarici işlər nazirinin müavini vəzifəsini 2005-ci ildən icra edirdi. Bu vaxta qədər isə o, Rusiyanın Böyük Britaniyadakı səfiri olub. Rusiyanın “Kommersant” qəzeti Q.Karasini İ.Volınkinin əvəz edəcəyinə dair məlumat yayıb.