Pakistanın Baş naziri İmran Xanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Komitəsinin iclasında Hindistanla diplomatik münasibətlərin məhdudlaşdırılması və ikitərəfli ticarət əlaqələrinin kəsilməsi barədə qərar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, İslamabadın bu sərt addımının səbəbi Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunun ləğv olunması barədə qərarı olub. İclasda, həmçinin iki ölkə arasında imzalanmış sazişlərə yenidən baxılması və avqustun 14-də qeyd olunan Cammu və Kəşmirin Müstəqilliyi Günü ərəfəsində bu məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılması barədə qərar qəbul edilib.
Baş nazir İmran Xan Hindistan ordusunun Kəşmirdə törətdiyi zorakılıq və insan hüquqlarının pozulması faktları barədə dünya ictimaiyyətini məlumatlandırmaq barədə tapşırıq verib. O, həmçinin Pakistan ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib.
İclasda Pakistanın Hindistandakı səfirinin geri çağırılması və Yeni Dehlinin İslamabaddakı səfirinin də ölkədən çıxarılması qərara alınıb.