Əgər Ankara Moskvanı özünə strateji tərəfdaş hesab edirsə, o zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krımın Rusiyaya birləşdirilməsi faktını tanımalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Vətən” Partiyasının sədri Doğu Perinçek söyləyib:
“Türkiyə tərəfi Vladimir Zelenski ilə aparılan danışıqlar zamanı Ukrayna və ABŞ arasında “Türk axını” qaz kəmərinin tikintisinə qarşı əldə edilmiş razılaşmanın müzakirəsini gündəmə gətirmədi. Gündəlik tamamilə Ukrayna tərəfindən müəyyən edilmişdi və bu, mətbuat konfransında açıq şəkildə görünürdü”.
O qeyd edib ki, strateji tərəfdaşlıq ölkənin mövqeyini müəyyənləşdirir. Bu məsələdə qeyri-müəyyənlik dövlət üçün təhlükəlidir: “Rusiya əsas tərəfdaşlarımızdan biridir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası isə strateji rəqslərlə məşğuldur. Bu gün bir strateji ortaq var, sabah başqa, birigün bir başqası olacaq”.
O, həmçinin Ukraynanı “Amerikanın kuklası” adlandırıb.
Qeyd edək ki, avqustun 7-də Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın Rusiyaya ilhaqını tanımadığını yenidən bəyan edib. Rusiya Dövlət Dumasında buna cavab olaraq Ərdoğan ikili standartlarda ittiham olunub.