Qırğızıstan məhkəməsi qapalı iclasda müdafiə tərəfinin həbs edilmiş sabiq prezident Almazbek Atambayevə qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə tələbini təmin etməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə sabiq prezidentin vəkili Sergey Slesarev məlumat verib.
Vəkil qeyd edib ki, Atambayevin həbs olunması barədə Bişkek şəhər məhkəməsinin iclası Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasında keçirilib.
Qərara əsasən, sabiq prezident barəsində aparılan istintaq Milli Təhlükəsizlik Komitəsinin sərəncamına verilib. Bundan sonra Atambayevin cinayət işinə bu komitə baxacaq.
Almazbek Atambaev bir neçə ağır cinayətdə, o cümlədən, hakimiyyət əleyhinə kütləvi iğtişaşların təşkili, adam öldürməyə cəhd, habelə korrupsiyada şübhəli bilinir.
Bundan əlavə, keçmiş dövlət başçısına çirkli pulların yuyulması ittihamı irəli sürülüb, habelə qurulduğu Sosial Demokrat Partiyasının qərargahının yerləşdiyi Bişkekdəki “Forum” binasına və bu qurumun “Aprel” adlı telekanalına qanunsuz olaraq sahib olmaqda, Koy-Daş kəndində qanunsuz torpaq almaqda ittiham olunur.