ABŞ səfirliyi BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu Yorka gedən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu müşayiət edəcək nümayəndə heyətinin üzvlərinə viza verməyib.
Teleqraf.com xəbər verir ki, viza verilməsindən imtina olunan Rusiya nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərdir.
Ruslara viza verilməməsi faktını ”Kommersant”a Sergey Lavrovun təyyarəsində Nyu Yorka uçmaq üçün “Vnukovo-2” hökumət hava limanına gələn Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev açıqlayıb.
Parlamentari ona, onun Dövlət Dumasındakı həmkarı Leonid Slutskiyə və Rusiya Xarici İşlər Nazirliyinin digər 8 əməkdaşına, o cümlədən baş tərcüməçi və nazir S.Lavrovun aparat rəhbəri Sergey Butinə viza verilmədiyini söyləyib.
Eyni zamanda Kosaçevin sözlərinə görə, viza verilməsindən imtina edilməyib. Sadəcə nümayəndə heyəti üzvlərinin indi də səfirlikdə olan pasportlarını vaxtında qaytarmayıblar.
S.Kosaçev ABŞ tərəfinin Rusiya nümayəndə heyətinin 10 üzvünün vizasının rəsmiləşdirilməməsini “görünməmiş vəziyyət” adlandırıb. Bunun “qalmaqallı vəziyyət” olduğunu bildirib. Əlavə edib ki, insident barədə Sergey Lavrova məlumat verilib.