Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Vaşinqton Post” qəzetinə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı barədə yeni məqalə yazıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan Qaşıqçı cinayətinin Səudiyyə Ərəbistanı dövləti içərisində yaradılan dəstə tərəfindən işləndiyini qeyd edib.
“Camal Qaşıqçının öldürülməsi 11 sentyabr terror hücumlarını nəzərə almasaq, XXI əsrin ən böyük və mübahisəli hadisəsi sayıla bilər. Sentyabrın 11-dən bəri heç bir hadisə beynəlxalq nizamı bu cür təhdid etməmiş, dünyanın qəbul etdiyi qanunlara meydan oxumamışdı. Səudiyyəli jurnalistin ölümünün aydınlaşdırılıb-aydınlaşdırılmayacağı övladlarımızın necə bir dünyada yaşayacağını göstərəcək”.
Onun sözlərinə görə, Türkiyənin Səudiyyə Ərəbistanı ilə qədim dostluğu həqiqətləri deməyə mane ola bilməz: “Dost acı danışar. Qatillərin diplomatik pasportlarla səyahət etməsi, diplomatik bir binanı cinayət yerinə çevirməsi və Səudiyyə Ərəbistanının İstanbuldakı bir nömrəli diplomatının hadisəni ört-basdır etməyə çalışması çox təhlükəli vəziyyət yaradıb.
Bəlkə də daha təhlükəlisi qatillərin öz ölkələrində heç bir cəza almadan həyatlarına davam etməsidir”.
Türkiyə prezidenti qarşıdakı dönəmdə də Qaşıqçı cinayətinin aydınlaşdırılması üçün səylərini davam etdirəcəklərini vurğulayıb: “Ötən il yenə bu qəzetdəki məqaləmdə verdiyim sualları ünvanlamaqda davam edəcəyik: Camal Qaşıqçının cəsədi haradadır? Səudiyyəli jurnalistini ölüm hökmünə kim imza atıb?
Aralarında bir məhkəmə eksperti olmaqla 15 qatili iki təyyarədə İstanbula kim göndərib? Belə bir cinayətin yenidən dünyanın heç bir yerində işlənməməsi həm Türkiyənin, həm də insanlığın xeyrinədir. Günahkarların cəzasız qalmaması üçün mübarizə aparmaq buna nail olmağın ən asan yoludur. Bu, Camalın ailəsinə olan borcumuzdur”.