ABŞ-ın keçmiş Ukrayna səfiri Mari Yovanoviç Prezident Donald Trampın impiçmenti istintaqı çərçivəsində ifadə verib.
Teleqraf.com xəbər verir ki, istintaqdan sonra Trampın sosial şəbəkədə keçmiş səfirlə bağlı paylaşımı aranı qarışdırıb.
ABŞ prezidenti Yovanoviçi vaxtilə səfir işlədiyi ölkələrin daxili işlərinə qarışmaqda ittiham edib: “Mari Yovanoviçin getdiyi hər yerdə vəziyyət pisləşdi. Somalidə vəzifəyə başladı, ölkə hansı vəziyyətə düşdü? Ukraynaya getdi və Ukrayna prezidenti mənimlə telefon görüşündə onun haqda yaxşı sözlər demədi”.
Yovanoviçin ona xidmət etmədiyi üçün vəzifədən uzaqlaşdırılması iddiasını rədd edən Prezident Tramp qeyd edib: “Əvvəlki prezidentlərdən fərqli olaraq indi ABŞ-ın xarici siyasəti daha güclüdür. Öncə Amerika!”
Mari Yovanoviçin Amerika başçısına cavabı da sərt olub:
“Prezidentin nə etmək istədiyi haqda dəqiq nəsə deyə bilmərəm, amma qorxunc bir təsir gücünün olduğunu deyə bilərəm. Səfir kimi məni geri çağırmaq səlahiyyəti var, amma niyə məni qaralamağa çalışmasından xəbərsizəm”.