“İŞİD-in Türkiyəyə qaçan liderləri yeni terror aktları planlaşdırır”.
Teleqraf.com xəbər verir ki, bunu İraq kəşfiyyatının keçmiş başçısı, general-leytenant Səd əl-Əllak deyib.
O, doqquz İŞİD lideri haqda məxfi dosyeləri Türkiyəyə verdiklərini bildirib:
“Bu dosyelərdə dünya miqyasında terror aktları törətmək üçün asanlıqla maliyyə mənbələri tapa bilən şəxslərin adları və onlar haqda məlumatlar var”.
Keçmiş kəşfiyyat şefinin sözlərinə görə, hazırda Suriya və İraqdakı həbsxanalarda saxlanılan İŞİD üzvlərinin qaçırılması üçün planlar hazırlanır:
“Bu terrorçular öz ölkələrinə qaça bilərlər. Onların Avropa, Asiya və Şimal-qərbi Afrika ölkələri üçün təhlükə yaradacağı labüddür”.
Əl-Əllak Türkiyəyə qaçan İŞİD liderlərinin böyük maliyyə mənbələrinə çıxış yollarının olduğunu iddia edib.
O, həmin terrorçuların Türkiyənin Qaziantep bölgəsinə üz tutduğunu diqqətə çatdırıb.