Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq İdarəsinin direktoru Nikolay Kobrinets Rusiyanın Avropa Şurasına borcunun olmadığını deyib.
Teleqraf.com xəbər verir ki, o, “RİA-Novosti”yə açqlamasında bildirib:
“Rusiyanın Avropa Şurası qarşısında borcu yoxdur. Düzünü desəm, heç vaxt da olmayıb. Xatırladım ki, 2017-ci ildə ölkəmiz Avropa Şurası büdcəsinə ödəmələri dayandırdı. Bu, məcburi bir şey idi və Rusiya nümayəndə heyətinin AŞ PA-dakı diskriminasiyasına qanuni reaksiya verdiyini vurğulamaq vacibdir”.
O, Rusiya parlamentarilərinin səlahiyyətlərinin 2019-cu ilin iyununda yenilənməsindən sonra ölkənin Avropa Şurası büdcəsinə ödəməli olduğu vəsaiti tamamilə ödədiyini vurğulayıb.
Xəbər verildiyi kimi, iyul ayında Rusiya tərəfi Avropa Şurasının 2019-cu il büdcəsinə töhfə verib. Onun məbləği təxminən 33 milyon avro idi. AŞ PA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini tam təsdiqləyib.
Assambleya qeyd edir ki, AŞ PA-ya qayıtdıqdan sonrakı altı ay ərzində Rusiya bir sıra tövsiyələri yerinə yetirib.