ABŞ Prezidenti Donald Tramp Konqresin onun İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmasını nəzərdə tutan qanun layihəsindən danışıb.
Teleqraf.com xəbər verir ki, prezident Konqresdən sözügedən qanun layihəsinin ləğv olunmasını istəyib.
“İranla bağlı yaxşı işlər görürük, zəif olmaq vaxtı deyil”, - deyə Tramp qeyd edib.
Amerika xalqının böyük əksəriyyətinin iranlı general Qasım Süleymaninin öldürülməsini dəstəklədiyini bildirən Donald Tramp deyib:
“Mənim əl-qolum bağlansa, İran bayram edəcək”.
Tramp qanun layihəsinin Senatda qəbul edilmə ehtimalı haqda da danışıb: “Demokratlar Respublikaçılar Partiyasını məğlub etmək üçün səy göstərir. Bunun baş verməsinə icazə verməyin”.
Ötən ay Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi demokrat senator Tim Keyn tərəfindən Senatın müzakirəsinə təqdim olunub. Sabah Senat layihəni qəbul edəcəyi halda, ABŞ prezidenti İranla bağlı hərbi qərarlar vermək səlahiyyətindən məhrum ediləcək.