ABŞ hökuməti Çin ordusunun hərbi təlimlər keçirdiyi Tayvan boğazına 2 ədəd B-52 taktiki bombardmançı təyyarəsi göndərib.
Teleqraf.com xarici mediaya istinadən bildirir ki, ABŞ Hərbi Hava Qüvvələri bombardmançı təyyarələrlə yanaşı buraya 1 ədəd MC-130J Kommando model tanker də göndərib.
Tayvan Müdafiə Nazirliyi qeyd edib ki, bombardmançı və onlar üçün yanacaq daşıyan təyyarələrin Tayvana gəlişini yaxından izləyib.
ABŞ isə məsələyə dair açıqlama verməyib.
Bu hadisə Çin ordusunun Tayvan boğazında ötən günlər başlatdığı təlimlərdən sonra yaşanıb. Çin ordusuna aid qırıcıar, bombardmançı təyyarələr fevralın 9-da Tayvan boğazında təlimlərə cəlb edilib. Çin Hava Qüvvələri və donanmasının birgə keçirdiyi təlimlər Tayvan boğazına aid sularda olub.
Çin Müdafiə Nazirliyi verdiyi açıqlamada bildirib ki, hərbi təlimlər Tayvan boğazında təhlükəsizlik durumunu ələ almaq və Çinin süverenliyini qorumaq üçün vacib addımdır.