Amerika istehsalı “F-35” qırıcılarında 883 dizayn xətası təsbit edilib. Buna görə də istehsalçı şirkətlərlə proqram ofisi arasında anlaşmazlıq yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “F-35”in proqram ofisinin hesabatında bildirilib.
“Project on Government Oversight” adlı QHT-nin ələ keçirdiyi gizli hesabatda beşinci nəsil “F-35” qırıcıları ilə bağlı ilginc faktlar yer alıb.
Təyyarələrin dizaynında 883 xətanın olduğunu, bunlardan 448-nin hələ də aradan qaldırılmadığı bildirilib. Bu barədə şikayətlər istehsalçı şirkətlərə çatdırılsa da, başda “Lockheed Martin” olmaqla təyyarələri dizayn edən digər şirkətlər bunları xəta kimi qəbul etmədiklərini bildiriblər.
Məlumatda şirkətlərin qırıcılarda təsbit olunan 162 xətanın aradan qaldırılması üçün planlarının olmadığı qeyd edilib. Qeydə alınan 273 dizayn xətasının aradan qaldırılması üçün isə maddi imkanlar yoxdur.
Habelə 273 xətanın aradan qaldırılması üçün həll yolunun tapıldığı, amma bunun üçün də fondda lazım olan qədər maddi vəsaitin olmadığı qeyd edilib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Sınaq və Qiymətləndirmə İdarəsinin “F-35”-lərlə bağlı son hesabatında qırıclarda 873 xətanın təsbit edildiyi, bunların 576-nın ilkin istehsal dövründən mövcud olduğu açıqlanmışdı.
Əlavə edək ki, ABŞ Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması səbəbindən “F-35”-lərin Türkiyəyə satılmasına qadağa qoymuşdu.