Qazaxıstan Prezidenti yanında fövqəladə vəziyyət rejimini təmin edən dövlət komissiyası 19 mart tarixindən etibarən Nur-Sultan və Alma-Ata şəhərlərində karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı hökumətin saytında yerləşdirilən məlumatda deyilir:
“Nur-Sultan və Alma-Ata şəhərlərində COVID-19 infeksiyasının yayılması ilə bağlı mürəkkəb vəziyyəti nəzərə alaraq, həmçinin koronavirusun Qazaxıstanın digər şəhərlərinə yayılmasının qarşısını almaq üçün dövlət komissiyası Nur-Sultan və Alma-Ata şəhərlərində əlavə məhdudlaşdırıcı, profilaktik və epidemiya əleyhinə tədbirlərin tətbiqi barədə qərar qəbul edib”.
Məlumata görə, martın 19-dan etibarən tətbiq olunacaq tədbirlərə aşağıdakılar daxildir:
Karantin tətbiqi və genişmiqyaslı sanitariya və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi; karantin zonasının perimetrini müəyyənləşdirmək və onun giriş-çıxış məntəqələrini müəyyənləşdirmək; insanların hərəkətinə, habelə nəqliyyat vasitələrinin giriş-çıxışına məhdudiyyət qoymaq.
Qazaxıstanda yei növ koronavirusun yayılması kontekstində vətəndaşların həyatı və sağlamlığını qorumaq üçün martın 17-dən etibarən bir ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu günə qədər respublikada 32 koronavirusa yoluxma qeydə alınıb ki, onlardan da 17-i Nur-Sultan, 15-i isə Alma-Ata sakinidir.