17 Mart 2020 15:45
6 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dekabr ayında Çinin Uhan şəhərində aşkar olunan koronavirus sürətlə dünyaya yayılır. Yeni tip virus bu günədək dünya miqyasında 6500-dən çox insanın həyatına son qoyub.

Bəs virus bədənə necə hücum edir? Niyə bəzi insanlar sağalır, bəziləri ölür?

İnkubasiya dövrü

Bu, virusun bədənə yerləşdiyi dönəmdir. Virus əvvəlcə hüceyrələrə yerləşir, daha sonra bunları ələ keçirir. Rəsmi adı “Sars-CoV-2” olan koronavirus nəfəslə və ya bu virusa yoluxmuş xəstənin üzümüzə toxunuşu ilə keçir. Bu, yoluxmuş şəxsin yanımızda öskürməsi ilə də baş verə bilər.

Virus əvvəlcə boğaz, tənəffüs yollarına və ağciyərlərə nüfuz edir. Qısa vaxtda bu nahiyələr “koronavirus fabriki”nə çevrilir. Yəni buralardan yayılan virus bədənin digər üzvlərinə də sirayət edir.

Bu ilkin mərhələdə xəstəlik özünü göstərmir. Hətta bəzi hallarda xəstəlik ümumiyyətlə özünü bəlli etmir. Amma ümumilikdə yoluxmanın inkubasiya dövründə xəstəlik ilk 5 gündə özünü göstərməyə başlayır.

Yüngül hallar

Koronavirusa yoluxma hallarının böyük bir hissəsi bu dönəmdə qeydə alınır. 10 nəfərdən 8-i xəstəliyi yüngül keçirir: qızdırma və öskürək. Bədəndə halsızlıq, boğaz və baş ağrılarının görünməsi mümkündür. Amma bunlar olmaya da bilər.

Qızdırma immunitet sisteminin infeksiyaya qarşı reaksiyasından qaynaqlanır. İmmunitet sistemi sitokin adlı kimyəvi maddələr ifraz edərək, bədənimizin digər üzvlərini xəbərdar edir. Bu vaxt ağrılar və qızdırma özünü göstərir.

Koronaviorus öskürəyi başlanğıcda quru olur. Bunun səbəbi yoluxmuş hüceyrələrin qıcıqlanmasıdır. Bəzı xəstələr daha sonra içində virusun öldürdüyü ağciyər hüceyrələri olan bəlğəm çıxmağa başlayır. Bu hallar yataq istirahəti, bol miqdarda maye və parasetamolla aradan götürülə bilir. Bunun üçün xəstəxanaya getməyə ehtiyac yoxdur.

Bu mərhələ təxminən iki həftə davam edir. Bir çox insan immunitet sistemi bu virusu zərərsizləşdirdiyi üçün bu mərhələdə sağala bilir. Amma bəzilərində vəziyyətin ağırlaşması mümkündür.

Mövcud məlumatlara görə, inkubasiya dövrü bu əlamətlərlə müəyyən edilir. Amma yeni məlumatlarda bu mərhələdə burun axıntısı kimi halların göründüyünə də işarə edir.

Ağır hallar

İmmunitet sistemi virusa sərt reaksiya göstərirsə, demək, xəstəlik sürətlə irəliləyir. Bədənə göndərilən kimyəvi siqnallar iltihaba yol açır. Ağır iltihab bütün bədənə zərər verir.

London Kinq Universitetinin professoru Nataliya Makdermit bildirir ki, virus immunitet sisteminin reaksiyasında tarazlığı pozur, ağır ilhitab meydana çıxır. Virusun bunu necə etdiyi hələlik bilinmir. Ağciyərlərdəki iltihab sətəlcəm də adlandırılır. Ağızdan bədənə daxil olan virus nəfəs borusundan ağciyərlərə enəndə kiçik hava kisəcikləri əmələ gəlir.

Qana oksigen qarışdıqdan sonra çölə karbondioksid ifraz olunur. Amma sətəlcəmdə bu kisəciklərin içi su ilə dolmağa başlayır və bu da çətin nəfəs almağa səbəb olur. Bəzi xəstələrin bu mərhələdə süni nəfəs cihazlarına bağlanması lazım olur.

Kritik hallar

Koronavirus xəstəliklərinin 6 faizini kritik hallar təşkil edir. Bu mərhələdə bədən öz funksiyalarını yerinə yetirə bilmir və ciddi ölüm riski ortaya çıxır. Bu mərhələdə immunitet sistemi nəzarətdən çıxır və bütün bədənə zərər verməyə başlayır. Qan təzyiqi təhlükəli səviyyədə aşağı düşdükdən, ya da orqanlar öz fəaliyyətini dayandırdıqdan sonra septik şok baş verə bilir.

Ağciyələrdə ağır iltihab nəticəsində ortaya çıxan kəskin tənəffüs çatışmazlığı səbəbindən lazım olan həcmdə oksigen almaq mümkün olmur. Nəticədə böyrəklər qanu təmizləyə bilmir, bağırsaqların çəpərləri zərər görür.

Virus qarşısıalınmaz səviyyədə ilhtihaba yol açır və orqan çatışmazlığı yaranır. İmmunitet sistemi virusu zərərsizləşdirə bilməsə, virus bədənin bütün üzvlərinə yayılır və ağır nəticələrə yol açır.

Bu mərhələdə intensiv müalicə tələb edir və bu, EMO-nu (Ekstrakorporeal Membranın Oksigenləşməsi) da əhatət edir. EMO-nun müalicəsində ağciyəri müəyyən edilmiş bir cihaz əvəzləyir. Bu cihaz borular vasitəsilə bədəndən qanı alıb oksigenləşməni təmin edərək bədənə geri qaytarır. Amma xəstəliyin ağırlaşdığı hallarda orqanlar bədəni idarə edə bilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər