BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark Qafqaz səfərini Ermənistandan başlayır.
ANS PRESS-in məlumatına görə, siyasətçi qadının ölkənin bir çox ictimai və siyasi nümayəndələri, eəcədə Serj Sərkisyanla görüşü gözlənilir.
Səfər xanım Klarkın Cənubi Qafqazı ziyarəti əsnasında, Ermənistanın iqtisadi-mədəni inkişafı yönündə danışıqlara həsr ediləcək- deyə rəsmi xəbərdə bildirilir.
Qeyd edək ki, BMTİP rəhbəri Helen Klark oktyabrın 1-də Azərbaycana gəlir. Ayın 4-nə kimi davam edən səfərin əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfdən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurlarını müşahidə etmək və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaq olduğu bildirilir.
Xanım Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır. Səfər çərçivəsində Helen Klark yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçiləri, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək. BMTİP-in rəhbəri həmçinin Azərbaycandakı BMTİP-in layihələri ilə ətraflı tanış olmaq üçün ölkədə səfərlər edəcək və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi və Qlobal Dayanıqlı İnkişaf Məqsədləri üzrə ADA Universitetində mühazirə oxuyacaq.
Səfər zamanı Helen Klarkı təşkilatın rəhbər müavini və Şərqi Avropa və MDB ölkələri üzrə BMTİP-in Regional Bürosunun direktoru, Cihan xanım Sultanoğlu və digər BMT rəsmiləri müşahidə edəcək.
Xatırladaq ki, BMTİP-in rəhbərinin Azərbaycana sonuncu səfəri 1996-cı ildə olub. Həmin nümayəndə heyətinə o vaxtkı BMTİP-in rəhbəri Ceyms Qustav Spez rəhbərlik edib.
BMT-nin inkişaf agentliyi olan BMTİP dəyişiklik üçün təşviqat aparır və ölkələri bilik, təcrübə və resurslar naminə birləşdirir. 170-dən çox ölkə və ərazidə fəaliyyət göstərən bu təşkilat həyatlara səlahiyyətin verilməsi və güclü millətlərin yaradılmasına yardım etmək üçün qlobal yanaşma və yerli baxışlar təklif edir. 1992-ci ildən fəaliyyət göstərən BMTİP-in Azərbaycan nümayəndəliyi səmərəli idarəçilik və dayanıqlı inkişafın təşviqi, eləcə də gender bərabərliyi, münaqişədən sonrakı yenidənbərpa və fəlakətlərin azaldılması riskləri sahələrində təqdirəlayiq işlər görüb.