Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusdan olan baş katibi, general Stanislav Zas Ermənistan-Azərbaycan sərhədlərində baş verən gərginliyə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, general münaqişə tərəflərini atəşkəs rejiminə riayət etməyə çağırıb.
“Belə hallar iki qonşu dövlətin sərhədində vəziyyətin normallaşmasına kömək etmir, Ermənistan və Azərbaycan rəhbərliyi səviyyəsində əldə olunan atəşkəs rejiminin pozulduğunu göstərir”, - Zas bildirib.
Hərbi-siyasi blokun rəhbəri tərəfləri münaqişəni yalnız dinc yollarla həll etməyə, təxribatçı hərəkətlərdən çəkinməyə çağırıb:
“Tərəflərin təmkinliliyi və vəziyyətin normallaşması, hamımızın sərhəd tanımayan yeni bir təhlükə ilə üzləşdiyimiz - koronavirus pandemiyasının yayıldığı bir vaxtda xüsusilə vacibdir”.
Xatırladaq ki, martın 30-da Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərinə qarşı təxribata əl atıb. Düşmən cavab atəşi ilə susdurulub. Hadisə nəticəsində 3 erməni hərbçisi yaralanıb.