6 Aprel 2020 22:50
3 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan daxilində vəziyyət gərginləşib. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən saxta seçkilər ətrafında ciddi problem yaranıb. Separatçılarla İrəvan arasındakı münasibətlər həddən artıq gərgindir. Vitali Balasanyanın uduzması Paşinyanın qələbəsi deməkdir. Buna görə Sərkisyan və Köçəryan buna etiraz etdi”.

Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən son olaylar haqda Teleqraf.com-a danışan politoloq Cümşüd Nuriyev belə deyib.

Politoloq son günlərdə Ermənistanın Azərbaycana qarşı artan təxribatlarının təsadüfi olmadığını bildirib:

“Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağda həm koronavirusa tutulanlar var, həm ölüm hadisələrini gizlədirlər, həm də aprelin 14-də təyin olunmuş saxta seçkilərin ikinci turunda iştirak etmək istəmirlər. Digər yandan, Ermənistan iqtisadiyyatı iflas həddinə çatıb. Bu fonda Rusiya ilə münasibətlər kifayət qədər gərginləşib. Yaxın günlərdə Rusiyanın İrəvandakı səfirliyinin qarşısında mitinqlər keçirildi. Bu o deməkdir ki, Paşinyanın hakimiyyətə gəlməsinin ikinci ilinin tamamında Sərkisyan rejiminin istefası ilə nəticələnən hadisələr yenidən təkrarlana bilər.

Bir tərəfdən də ondan ehtiyat edirlər ki, ikinci Aprel döyüşlərinin təkrar olunması mümkündür. Bu səbəbdən də gərginliyi təmas xəttindən Qərb bölgəsinə - Qazaxla sərhədlərə yönəldirlər. Burada bizim Dövlət Sərhəd Xidmətinin əsgərləri var, onlar da düşmənin təxribatlarına lazımi cavabları verir. Üstəgəl, o bölgənin əhalisi mərd və qorxmazdır, ermənilərdən çəkinmirlər, kimsə də yerini tərk etməyib”.

Cümşüd Nuriyev 1993-cü ildə ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda törətdiyi təxribata da diqqət çəkib:

“Vaxtilə Kəlbəcəri Azərbaycanı aldadıb işğal etdilər, amma bu gün belə bir şey mümkün deyil. İndi də atəşkəs rejimini tez-tez pozmaqla öz məkirli planlarını həyata keçirməyə çalışırlar. Onların planları belədir ki, Azərbaycan Aprel döyüşlərini Ermənistan-Azərbaycan sərhədlərinə keçirsin, bununla avtomatik olaraq KTMT-nin 4-cü bəndi hüququ olaraq işə düşsün. Ermənilər düşünürlər ki, yenə də rusların əli ilə haranısa işğal edə bilərlər. Bununla həm də özlərini dünyaya məzlum millət kimi sırımağa cəhd etməyə çalışırlar ki, guya Azərbaycan təxribatla məşğuldur.

Başqa sözlə, cəbhə xəttində artan gərginliyin arxasında erməni hiyləsi durur. Amma indi Rusiya o hayda deyil ki, ermənilərə nəsə etsin. Çünki koronavirus təkcə Avropa İttifaqında yox, MDB-də də ciddi problemlər yaradıb. Buna görə də Azərbaycan təxribatlara uymamalıdır, əlbəttə, uymayacaq. Ehtiyac olduğu halda da düşmənin bütün təxribatlarının qarşısı lazımi səviyyədə alınır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər