Əgər yaya qədər bütün ölkələr pandemiyanın qarşısını tamamilə ala bilməsələr, noyabr ayında koronavirus infeksiyasının yeni dalğası başlaya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Şanxaydakı “Xuaşan” xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Çjan Venxun bildirib.
“Noyabr ayından sonra biz ciddi çağırışlarla üzləşə bilərik. Mən hesab edirəm ki, epidemiyanın növbəti dalğası təxminən noyabr ayının əvvəlində başlaya bilər”, – deyə “RİA-Novosti” onun sözlərindən sitat gətirir.
Həkimin sözlərinə görə, Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyada koronavirusun qığılcımları qeydə alındığından, yəni pik nöqtəyə çatmadığından yay aylarındək pandemiyanın tamamilə aradan qaldırılmasının mümkün olmayacağını təxmin etmək olar.
“Qış gələndə hamı yenidən evdə oturmalı olacaq”, – deyə o xəbərdarlıq edib.
Bununla belə Venxunun fikrincə, bir çox ölkələrin infeksiyanın diaqnostikası sahəsində qazandığı təcrübə sayəsində koronavirusun növbəti dalğasının miqyası o qədər də böyük olmayacaq.
“Bununla yanaşı Afrika və Cənubi Amerika dövlətləri kimi qeyri-kafi tibbi resursları olan ölkələr, ehtimal ki, növbəti qışı yaşamağa çətinlik çəkəcəklər”, – o əlavə edib.
Həkim onu da qeyd edib ki, dünyada epidemioloji vəziyyətə nəzarət bu bölgələrin ölkələrindən asılıdır.