28 Aprel 2020 16:18
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşünün keçirilməsi çoxsaylı beynəlxalq təşkilatların üzvü olan Azərbaycan Respublikasının fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi dəstəklədiyinin əyani göstəricisi olacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzi kimi koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi istiqamətində müxtəlif təşəbbüslər göstərir:

“Bir müddət öncə – aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirus pandemiyasına həsr olunmuş videokonfrans formasında fövqəladə zirvə görüşü keçirildi. Bütün dünyada sürətlə yayılan COVID-19 pandemiyası fonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formasında fövqəladə zirvə görüşü rəsmi Bakının beynəlxalq əhəmiyyətli problemlərə cəld və operativ reaksiya verdiyini bir daha nümayiş etdirdi. Videokonfrans formasında keçirilən zirvə görüşünə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun da qoşulması digər bir əlamətdar hadisə kimi yadda qaldı. Azərbaycan Respublikası koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq səyləri dəstəkləmək məqsədilə könüllü əsasda Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı cavab tədbirləri fonduna 5 milyon ABŞ dolları dəyərində könüllü maliyyə ianəsi edib”.

Politoloq daha sonra deyib:

“Xüsusilə qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib. Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğunu nəzərə alaraq, zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçiriləcək. Zirvə görüşündə BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də iştirak edəcək.

Vurğulamaq istərdim ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürüb. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib. Bu baxımdan Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşünün keçirilməsi mühüm əhəmiyyətə malik olacaq”.

İlyas Hüseynovun sözlərinə görə, önəmli məqam ondan ibarətdir ki, bir müddət öncə 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “seçkiləri” pisləyən bəyanatla çıxış etdi və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə dəstək nümayiş etdirdi.

Qeyd edək ki, mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü keçiriləcək. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib. Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğunu nəzərə alaraq, zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçiriləcək. BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu zirvə görüşündə iştirak edəcək.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər