19 May 2020 23:08
5 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin COVID-19 pandemiyasından bezmiş kimi görünür. O, bu həftə bütün rusları işə qaytardı və altı həftəlik tam karantinin bitdiyini elan etdi. Qalan bir neçə məhdudiyyətin nə vaxt və necə aradan qaldırılması üçün məsuliyyət bölgə rəhbərlərinin üzərində qaldı. Ancaq Rusiyada koronavirus dalğası azalmadı - hər gün xəstələrin sayı artır. Əsasən də Moskvada.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Bolqarıstanın "Dnes" nəşrində gedən məqalədə yer alıb.

Putin niyə tələsir?

Yazının müəllifi Neli Xristova daha sonra Putinin pamdemiya ilə mübarizədə tələskənliyinin səbəbinə aydınlıq gətirməyə çalışır. O, rusiyalı politoloq Nikolay Petrovun BBC-yə müsahibəsindən sitat gətirir:

"Putin niyə belə tələsir? Bütün siyasi karyerası ərzində Vladimir Putin ilk dəfə idarə edə bilmədiyi və onun bütün planlarını pozan bir problemlə üzləşdi".

Müəllif qeyd edir ki, bu yaz Rusiyada konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməli idi və bu dəyişikliklər Putinə daha iki müddətə dövlət başçısı postunda qalmağa imkan verəcəkdi:

"Lakin bunun əvəzinə Rusiyanın 67 yaşlı lideri, koronovirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanaya baş çəkdikdi və bundan sonra Moskvadakı iqamətgahına getməli oldu. Tam qoruyucu geyimdə olmasına baxmayaraq, o, xəstəliyə çox yaxın idi. Putini xəstəxanada müşayiət edən həkim qoruyucu kostyumunu soyunduqdan sonra koronavirusa yoluxmuşdu".

Müəllif qeyd edir ki, özünü təcrid etməyə məcbur olan Rusiya prezidenti vəzifəsini videorabitə və nəhəng bir monitordan istifadə etməklə yerinə yetirməli idi: "Bu məqamda ictimai rəydə onun reytinqi 59%-ə düşdü. Putinin reytinqi heç vaxt bu qədər aşağı olmamışdı. Uzun videokonfransların Putin üçün darıxdırıcı olduğu da aydın oldu".

Politoloq Nikolay Petrova istinad edən müəllif bildirir ki, Putin planını başa çatdırmaq istəyir: "Konstitusiya islahatı hətta pandemiya günlərində belə, mütəmadi olaraq televiziyada və nəhəng reklam lövhələrində reklam olunur. Nikolay Petrov bildirir ki, Putini sanki, hasarın üzərindən atladığı zaman yaxalayıblar, vəziyyəti çox da rahat deyil".

Rusiya COVID-19-a məğlub oldu?

Müəllif qeyd edir ki, Putinin məhdudiyyətlərin bitdiyini elan etdiyi gün Rusiyada koronavirus infeksiyasına ən çox yoluxma faktı qeydə alındı: "O vaxtdan bəri yoluxanların sayı azalsa da, ümumilikdə göstərici yenə də yüksəkdir. Yoluxanların sayı 250 min təşkil edir ki, bu da koronovirus xəstələrinin sayına görə ölkənin dünyada ilk yerlərdən birini tutmasını şərtləndirir. Lakin ölkə hakimiyyəti müsbət cəhətləri diqqətə çəkir. Ən azı statistikaya görə belədir: Rusiyada koronavirusdan ölüm nisbəti 1% -dən aşağıdır".

Daha sonra müəllif Dövlət Dumasının sədri Vyaçeslav Volodindən sitat gətirir: "Bu, səhiyyə sistemimizin ABŞ-dan daha yaxşı olduğunu göstərir. Rusiyada cəmi 2 212 ölüm faktı qeydə alınıb. Buna görə gecə-gündüz işləyən həkimlərimizə və prezidentimizə minnətdar olmalıyıq".

Müəllifin fikrincə, əlbəttə ki, ölüm səviyyəsinin aşağı olması Rusiyanın ölənlərin sayını saxtalaşdırdığına dair şübhələri artırır: "Lakin ölkə hakimiyyəti bu şübhələrə dair məlumatların "saxta xəbərlər" olduğunu qətiyyətlə vurğulamaqda davam edir. Buna baxmayaraq, Moskvada ölüm nisbəti son beş ilin eyni aylarına nisbətən daha yüksəkdir ki, bu da rəsmi məlumatlarla həqiqət arasında ciddi uyğunsuzluğun olduğunu göstərir.

Ölüm səviyyəsinin aşağı olması başqa bir məqamla da izah olunur: Rusiyada virusa yoluxanların bir çoxu COVID-19-dan deyil, infarktdan və ya insultdan ölüb"

Rusiya özü üçün hansı dərsi çıxardı?

Müəllif bildirir ki, COVID-19 dalğası vurmazdan əvvəl Rusiyanın pandemiyaya hazırlaşmaq üçün daha çox vaxtı var idi:

"Hər gün 40 minə yaxın koronovirus testi aparılır, xəstələr erkən mərhələlərdə müalicə olunmağa başlayır ki, bu da ölkəni kütləvi ölüm və ölüxanaların dolması kimi qorxunc mənzərədən qorudu. Lakin epidemiyanın başa çatması hələ çox uzaqdadır.

Mümkündür ki, mədəni fərqliliklərin də bu məsələdə rolu var: İngiltərənin Baş naziri Boris Conson məsafəlı görüşlər zamanı öskürdü, onun temperaturu qalxdı və sonradan intensiv müalicə almalı oldu. Vladimir Putinin sözçüsü isə ikitərəfli sətəlcəm diaqnozu ilə xəstəxanaya qaldırılmazdan əvvəl təkbaşına üç gün qızdırma ilə mübarizə apardı. Dmitri Peskov, Kreml səlahiyyətliləri tərəfindən görülən bütün tədbirlərə baxmayaraq, xəstələndiyini bildirdi. Halbuki sənədləri Peskova təhvil verməzdən qabaq dezinfeksiya edirdilər. Peskov bir aydan çox müddətdə Putinlə şəxsən kontaktda olmadı".

Rusiyada məsuliyyəti başqasının boynuna qoyurlar?

Müəllif yazır ki, Putinin Kremlə qayıtmağın nə vaxt təhlükəsiz olacağına qərar verəcəyi aydın deyil: "Rusiyalıların çoxu, - əgər belə bir fürsət varsa, - evdən işləməyə davam edir. Bəzi məhdudiyyətlər qalır və onların nə vaxt aradan qaldırımasına mer qərar verə bilər. Rusların bir çoxu böhran səbəbindən iş yerləri və ya gəlirlərinin bir hissəsini itiriblər. Onlar məhdudiyyətlərin qaldırılmasını istəyirlər.

Müəllif daha sonra politoloq Liliya Şevtsovanın bu sözlərini sitat gətirir:

“Rusiya liderləri bilirlər ki, vətəndaşların işsiz və pulsuz olmaları fəlakətə, partlayışa səbəb olacaq. Buna görə pandemiyanın sonunu elan etmək qərarına gəldilər. Baxmayaraq ki, Rusiyada koronovurusla bağlı durum hələ pik nöqtəyə yaxın deyil. Səlahiyyətlilərə koronavirus üzərində qələbə lazımdır. Dərhal! Lakin Kremlin siyasi istəklərini nəzərə almayan virus hələ də Rusiyanın bölgələrində yayılmaqda davam edir".

Bolqar müəllif qeyd edir ki, Putinin qatlaşdığı ziyanı dayandırmaq da çətindir: "Politoloq Nokolay Petrov bildirir ki, Rusiya rəhbəri konstitusiyada istədiyi dəyişikliyə nail ola belə, bu, bir faktı dəyişməyəcək: Putin indi çox zəifdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər