ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin "USS Portland" desant gəmisi lazer silahını uğurla sınaqdan keçirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə CNN telekanalı xəbər yayıb.
Məlumatda bildirilir ki, 16 may tarixində Sakit okeanda keçirilən sınaqlar zamanı pilotsuz təyyarə məhv edilib. Telekanal hərbi gəminin lazer şuası ilə uçan aparatın məhv edilməsinin şəkil və videosunu yayıb.
ABŞ hərbçiləri lazer silahlarının müxtəlif təhdidlərə cavab vermək üçün daha böyük imkanlara malik olduğunu vurğulayıb. Lazer silahının gücünün nə qədər olduğu açıqlanmayıb, lakin telekanal bu gücün təxminən 150 kVt olduğunu ehtimal edib.
Qeyd edilib ki, bu silah təyyarələr və katerlərə qarşı istifadə oluna bilər.