Çinin Baş Qərargah rəisi Li Tszuoçen Tayvanın ölkəsinə dinc yolla birləşməməsi və müstəqillik tərəfdarlarının ayağa qalxacağı halda, digər vasitələrlə onu əzəcəyini deyib.
Teleqraf.com xəbər verir ki, qərargah rəisi fövqəladə vəziyyətdə Tayvana hərbi müdaxilənin olacağını istisna etməyib.
“Separatçılarla mübarizə qanununa görə, Tayvandakı müstəqillik tərəfdarları Tayvanı Çindən ayıra biləcək addım atarsa, Tayvanın Çindən ayrılmasına səbəb yaradacaq bir dəyişiklik olarsa, dinc yolla birləşmək yolu aradan qalxarsa, Çin Xalq Qurtuluş Ordusu və tayvanlılar da daxil olmaqla bütün Çin xalqı birlikdə lazım olan bütün addımları atacaq, ölkənin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə qoruyacaq”, - Tszuoçen söyləyib.
Qərargah rəisi Tayvan məsələsinin Çinin daxili işi olduğunu, heç bir halda bu prosesə xarici qüvvələrin müdaxiləsinə imkan verməyəcəklərini qeyd edib.
O, məsələnin dinc və diplomatik yollarla həll variantlarının da masada olduğunu vurğulayıb.
1949-cu ildə Çində Mao Tszedumun iqtidara gəlməsindən sonra Çan Kayşek və bəzi hökumət üzvləri Tayvanda yerləşərək, 1912-ci ildə qurulan Çin Respublikasının hakimiyyətinin bu adada davam etdiyini irəli sürərək, öz müstəqilliyini elan etmişdi. Bu, Pekin tərəfindən indi də qəbul edilmir.