4000 Amerika və 2000 Polşa əsgəri Dravsko-Pomorsk şəhəri yaxınlığındakı təlim poliqonunda təlimlərə başladı. “Müttəfiq Ruh” adlanan təlimlər iyunun 19-dək davam edəcək, bu, koordinasiya baxımından ən çətin hərbi manevrlərdən biri kimi xarakterizə edilir. Koronavirus pandemiyasının başlamasından bəri bu miqyasda keçirilən ilk təlimlər Moskvada narahatlıqla izlənilir. Əməliyyat rəsmi olaraq müttəfiq qüvvələrin müdafiə potensialının yoxlanılması kimi xarakterizə olunsa da, Rusiya, əlbəttə ki, bu təlimlərin hücum potensialını görür.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşrində dərc olunan məqalədə bildirilib.
“Müttəfiq Ruh” təlimləri, ABŞ ordusu və Avropa İttifaqının 18 ölkəsindən olan NATO müttəfiqləri tərəfindən yaz ayları üçün planlaşdırılan “Defender 2020” təlimlərinin üç əsas komponentindən biridir. Bu məqsədlə 20000 Amerika əsgərinin təlimlər üçün Avropaya göndərilməsi gözlənilirdi ki, bu da son 20 ildə ABŞ qüvvələrinin qitədəki ən böyük yerləşdirilməsi demək olacaqdı. Ola bilsin ki, koronavirusun yaratdığı sanitar böhran Pentaqonu planları yenidən nəzərdən keçirməyə və iştirakını azaltmağa məcbur etdi.
Mart ayında koronavirus səbəbindən qoşunların hərəkəti dayandırıldıqdan sonra qitəyə 6000 ABŞ əsgəri gəldi. İndi isə pandemiya təhlükəsinin aradan qalxmamasına baxmayaraq, Qərb ölkələri və hər şeydən əvvəl isə ABŞ ordusu öz müqavimət gücünü nümayiş etdirmək istəyir. Yəni Rusiyaya qarşı güc nümayişləri yenidən başlayır.
NATO qüvvələri “SSRİ əraziləri”ndə
Amerikalı briqada generalı Brett Silviya bildirib ki, “Müttəfiq Ruh” NATO-nun dünyaya pandemiya (COVID-19) şəraitində təhlükəsiz təlimlər keçirmə imkanlarının olduğunu göstərməlidir. Həm hərbi, həm də mülki təlimlərdə iştirak edənlərin hamısı manevrlər başlamazdan əvvəl testdən keçirilib. Testlər mütəmadi olaraq aparılır və uzaqdan əmr metodlarından istifadə edilir. Amerika Baş Qərargahı üçün pandemiya riskinin ordunun döyüş effektivliyinə təsir göstərmədiyini nümayiş etdirmək vacibdir, Rusiya isə öz növbəsində rəqiblərini sınamağa davam edir. Təlimlərdə iştirak edən bir fransız zabit isə baş verənləri “Rusiya ilə siçan-pişik oyunu” adlandırıb.
Eyni sanitar və strateji məntiq bazar ertəsi günü NATO-nun Baltik dənizində, yaxud keçmiş SSRİ ərazilərində başlayan təlimlərinə də aiddir. Bu təlimlər hər il iyun ayında keçirilsə də, 2020-ci il xüsusi bir il oldu. Təlimlərə 3000 nəfər, həmçinin 30 gəmi və sualtı qayıq daxildir və yalnız dənizdə keçiriləcək. Buna baxmayaraq, Rusiyaya eyni mesajı göndərirlər. ABŞ-ın 6-cı Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Liza Françetti, bu məşqlərin gərginliyi artıra biləcəyini düşünmədiyini, məqsədin Baltik dənizində təhlükəsizliyin təmin etmək olduğunu deyib.
Moskva ilə strateji rəqabət
Briqada generalı Kristofer Norri təlimlər haqda bildirib ki, əsas məqsəd NATO qüvvələrini gücləndirmək və ona dəstəyi artırmaqdır. Qoşunların operativ təlimi bunun üçün son dərəcə vacibdir və qərargah bunu qeyri-müəyyən müddətə təxirə sala bilməzdi. General heyətinin rəhbəri general Lekuantr qeyd edib ki, uzun müddət beynəlxalq təlimlərin keçirilməməsi səmərəlilik və qarşılıqlı əlaqə baxımından müttəfiqlərə zərər verə bilərdi.
Moskva ilə strateji rəqabət zəifləmədi, əksinə, koronavirusun yaratdığı böhran fonunda gücləndi. Bu dövr ərzində Rusiya təkcə informasiya müharibəsini davam etdirmədi, həm də ənənəvi hərbi fəaliyyətini qorudu. Hətta “təxribatlara” cavab olaraq Qərb bölgələri üçün nəzərdə tutulan hərbi büdcənin həcmini artırdı.
Şimal qütbündə fəallıq
Şimal qütbü Arktikada Qərb ordularına indiyədək görünməmiş təlimlər keçirməsinə icazə verildi. 1980-ci illərdən bəri ilk dəfə üç “USS Donald Cook”, “USS Porter” və “USS Roosevelt”, eləcə də “USS Supply” tipli gəmilər İngiltərənin “HMS Kent” freqatının müşayiəti ilə Barents dənizinə girdi. Ötən həftə fransız freqatı “Aquitaine” onlara naviqasiya azadlığını xatırlatmaq üçün bu əraziyə yürüş etdi.
Digər sahələrdə də qarşıdurma güclənib. Berlin Moskvanı birbaşa 2015-ci ildə Bundestaqa kiberhücumda ittiham etdi. ABŞ Milli Təhlükəsizlik Agentliyi də bir rus kiberhücumu ilə əlaqədar açıqlama yaydı. Bu cür açıq ifadələr nadir hallarda eşidilə bilər.
Çin təhlükəsi
Alyansın qlobal səhiyyə böhranının ilk dərslərini öyrənməsinin vaxtı gəldi. Baş katib Yens Stoltenberq rəsmi olaraq NATO-nun gələcəyi ilə bağlı müzakirələrə başladı. Onun sözlərinə görə, ittifaq hərbi olaraq güclü qalmalı, bunun üçün siyasi birlik göstərməli və ortaq bir mövqeyə gəlməlidir. Rusiyadan əlavə, Çinin güc balansının dəyişməsindəki roluna da diqqət çəkdi və bu təhlükə barədə də çağırış etdi. Stoltenberq qeyd etdi ki, koronavirus qeyri-hərbi təhdidlərlə mübarizənin vacibliyini göstərdi.
Stoltenberq Amerika qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılması ilə bağlı medianın yaydığı məlumatları şərhsiz qoydu, lakin Avropa və ABŞ-ın qarşılaşdıqları çətinliklərin öhdəsindən gələ bilmədiklərinə inamsızlığını ifadə etdi.