13 İyun 2020 00:11
4 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antonio Quterreş ötən il Səudiyyə Ərəbistanının neft obyektləri və beynəlxalq hava limanlarından birinə qarşı Yəməndəki Husi qruplaşmasının həyata keçirdiyi hücumlarda istifadə edilən ballistik raketlər və dronların İran istehsalı olduğunu təsdiqləyib.

Teleqraf.com-un məlumatına görə, Quterreş BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda həmçinin qeyd edib ki, 2019-cu ilin noyabr, 2020-ci ilin fevral aylarında ABŞ donanması tərəfindən ələ keçirilmiş gəmilərdə tapılmış silah-sursatlar və digər hərbi vasitələr də İran istehsalıdır.

Sənəddə həmin hərbi vasitələrin çoxunun həm İranda istehsal edilən silahlarla oxşarlıq təşkil etdiyi, həm də üzərlərində fars dilində etiketlərin olduğu bildirilib.

“May ayında Afifdə Səudiyyənin neft müəssisəsinə, iyun və avqustda Abha beynəlxalq hava limanına, habelə sentyabrda Abqaiq və Xuraisdə yerləşən ARAMCO-nun neft obyektlərinə qarşı həyata keçirilmiş hücumlarda istifadə edilən raketlər və dronların qalıqları üzərində aparılmış araşdırmalar, onların və ya hissələrinin İran istehsalı olduğunu göstərir”, - BMT baş katibi vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının bu ayın sonlarına doğru Antonio Quterreşin hesabatını müzakirəyə çıxaracağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər