Rusiya Federal Təhlükəsizlik Xidməti “Roskosmos” (Rusiya Federal Kosmik Agentliyi) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronovun Rusiya silahlarının Yaxın Şərq və Afrikaya tədarükü ilə əlaqədar Çexiya xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinir.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Yevgeni Smirnov məlumat verib.
“Safronovun işi 2017-ci ildə Rusiyanın Yaxın Şərqə və Afrikaya silah tədarükünə dair hərbi-texniki məlumatların Çexiya xüsusi xidmət orqanlarına ötürülməsi ilə bağlıdır”, – deyə o bildirb. İvan Safronovun vəkili İvan Pavlovun sözlərinə görə, FTX “Roskosmos” rəhbərinin müşavirinə qarşı iddianın onun jurnalistik fəaliyyətinə aid olmadığını bəyan edib.
O, həmçinin, qeyd edib ki, “Roskosmos” korporasiyasının adı cinayət işində yalnız Safronovun hazırkı iş yeri kimi çəkilir. Ancaq digər vəkil Yevgeni Smirnov işin Safronovun jurnalistlik fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. “Safronovun mövqeyinə görə məhz belədir”, – deyə o bildirib.
Safronovun müdafiə tərəfi bildirib ki, ona qarşı iş yeddi cilddən ibarətdir. Baxmayaraq ki, cinayət işi yalnız iyulun 6-da başlanıb.
Vəkil Safronovun uzun müddət izlənildiyini və onun barəsində məlumat toplanıldığını qeyd edib. İvan Pavlov, həmçinin, ABŞ-ın Safronovun həbsi ilə bağlı materialda “Çexiya xüsusi xidmət orqanları vasitəsilə gizli məlumatlar əldə edən ölkə” kimi xatırlandığını söyləyib.
Vəkillər bildriblər ki, FTX Safronovun Çexiya xüsusi xidmət orqanları tərəfindən 2012-ci ildə əməkdaşlığa cəlb edildiyini hesab edir. Vəkil Sergey Malyukin qeyd edib ki, müstəntiq məhkəmə iclasında hakimə təqsirləndirilən şəxsin Çexiya xüsusi xidmət orqanları ilə yazışmalarını göstərib, lakin müdafiə tərəfi onunla tanış olmayıb.