Ukrayna Xarici İşlər Nazirliyi Rusiya tərəfindən tutulmuş Krım bölgəsində 5 dəniz limanının yenidən istifadəyə açılması ilə bağlı Kremlə etiraz notası verib. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, Rusiya tərəfi Krımın ilhaqı ilə əlaqədar iyulun 15-dən Ukraynanın rəsmi bağladığı Yevpatoriya, Feodosiya, Yalta, Kerç və Sevastopol limanlarını birtərəfli qaydada açıq elan edib.
Bu, öz növbəsində rəsmi Kiyevin mənfi reaksiyasına və kəskin etirazına səbəb olub. Xarici İşlər Nazirliyinin nümayəndəsi Yevgeni Perebıynis bununla əlaqədar bu gün keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın müvafiq addımı Ukraynanın suverenliyinin növbəti dəfə kobud şəkildə pozulması deməkdir: “Rusiya öz davranışı ilə BMT-nin 1982-ci ildə qəbul etdiyi Dəniz Hüquqü Konvensiyasının müddəalarını kobud şəkildə pozur. Bu, 1974-cü ildə qəbul olunmuş, dənizdə insan həyatının, eləcə də gəmilərin və liman ləvazimatının mühafizəsi ilə bağlı beynəlxalq məcəlləyə də ziddir”.
Etiraz notasında Rusiyadan Krımdakı dəniz limanların qeyri-qanuni istifadəni dayandırmaq, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmaq və ilhaq edilmiş ərazilərdən silahlı qüvvələri geri çəkmək tələb edilir.
Nail Cəlil