İranın “Tabnak” informasiya agentliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin etnik kimliyini saxtalaşdıraraq aşkar şəkildə işğalçı Ermənistana dəstək nümayiş etdirir.
Teleqraf.com xəbər verir ki, agentlik yayımladığı məqalədə işğalçının tərəfini tutaraq, Azərbaycan və Türkiyəni Tovuz rayonu ilə sərhədlərdə baş verənlərə görə məsuliyyət daşıyan tərəflər kimi göstərməyə çalışıb.
Mənbə sonda Dağlıq Qarabağın etnik kimiliyini də dəyişməyə cəhd göstərərək yazıb:
“XI əsrin əvvəllərində türkdilli xalqlar Qafqaza köç ediblər. Onlar bundan sonra regionun ermənilər və gürcülər kimi bir çox xalqlarını məhsuldar torpaqlardan çıxarıblar. Bununla da, ermənilərin həmin bölgələrdə sayı əhəmiyyətli dərəcədə azalıb və onlar daha çox dağlıq bölgələrə köçüblər”.
Əlavə edək ki, bu, İran mediası və siyasi dairələrinin Azərbaycana qarşı ilk xəyanətkar mövqeyi deyil. Bundan öncə isə İran Dövlət Televiziyasının aparıcısı da xəbərlər proqramında Dağlıq Qarabağı “erməni torpağı” adlandırmışdı.
Xatırladaq ki, “Tabnak” agentliyinin İran ordusunun (SEPAH) sabiq komandanı Möhsün Rzayiyə aid olduğu bildirilir. O, hazırda İranın Ali Məsləhət Şurası kimi mühüm qurumunun katibi vəzifəsini tutur.