Azərbaycanlı arıçılar qırğıza etiraz etdi
Kənd Təsərrüfatı Nazirliyinin Bakıda keçmiş ayyaqabı fabrikində təşkil etdiyi arıçılıq məhsullarının sərgisində bir neçə gün bundan əvvəl qarşıdurma yaranıb. Buna yarmarkada Qırğıstan arıçılıq məhsullarının satışı səbəb olub.
Adının açıqlanmasını istəməyən arıçılardan birinin Teleqraf.com-a verdiyi xəbərə görə, yarmarkaya girişlərdə qırğız balının xüsusi reklam olunması və onlara xüsusi önəm verilməsi, ayrı-seçkilik münasibəti yerli arıçıların narazılığına səbəb olub:
“Qırğız balının yarmarkaya girişdə xüsusi bukletləri paylanırdı, gələn alıcılar o “polka”lara doğru istiqamətləndirlirdi. Onların reklamı efirlərdən də güclü gedirdi. Onların buradakı nümayəndələri bizim arıçıları saya salmırdı. Deyirdilər “biz icazəmizi almışıq, siz kimsiniz?” Özlərini yarmarkanın təşkilatçılarına çox güvəncli aparırdılar. Bu da arıçıların haqlı narazılığına səbəb oldu. Onların bu şəkildə təbliğ olunub, yarmarkada ayrı-seçkilik salınmasına arıçılar etiraz etdi və bu narazılığın müəyyən effekti oldu. Nazirlik əməkdaşları da şahid oldu ki, bu narazılıq haqlıdır, yarmarkaya girişdə qoyulan nümayəndələr, qırğız balının təbliği bir qədər məhdudlaşdırıldı”.
Arıçı bildirdi ki, hazırda bir şirkət adından 2 “toçka”da qırğız balı satılır: özü də çox yüksək qiymətə: “Litri 40-50 manata satılır. Kənd təsərrüfatı Nazirliyi sağ olsun ki, qiyməti sərbəst qoyub. Amma bu o demək deyil ki, bundan sui-istifadə edilməlidir. Bu baha qiymətə satış da biz arıçıları narazı salır. Özləri də deyir ki, Avropanın 12 ölkəsində bal satırlar. Hazırda yarmarkada iki “toçka”da onlar öz fəaliyyətlərinin davam etdirirlər. Onlar satran balın keyfiyyəti ilə tabış deyiləm. Amma bir yerdə ki, bal kütləvi sənaye üsulu ilə istehsal olunub satılacaq, onda yüksək keyfiyyətdən danışmağa dəyməz. Əminəm ki, yoxlansa Azərbaycanın istənilən bölgəsində həqiqi arıçının bal məhsulu hazırda yarmarkada satışda olan Qırğız balından keyfiyyətli olacaq”.
Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev dedi ki, Qırğızıstandan bir nəfər arıçı yarmarkaya bal gətirməklə bağlı müraciət edib. Həmin bal da yoxlanılıb, standarta uyğun olduğu üçün də satışına icazə verilib. Onun sözlərinə görə, bir neçə gün əvvəl qonşu satıcı ilə Qırğızıstandan gələn arıçı arasında kiçik söz-söhbət olub və bunu ictimailəşdirməyə lüzum görmür: “Məsələ artıq həll olub. Bunu şişirtməyə ehtiyac yoxdur, iki satıcı arasında belə problem ola bilər. İllərdir təşkil edilən arıçılıq məhsullarının yarmarkası bu il də yüksək səviyyədə təşkil olunub. Bu il arıçılara ayrılan satış yerinin sahəsi ötən ildən iki dəfə çoxdur. Keçən il 300 idisə, bu il 400-dən çox arıçı sərgidə iştirak edir. Respublika Baytarlıq Laboratoriyasının rəyi veriləndən sonra məhsullar satışa çıxarılıb”.
M.Hacıyev Qırğızıstandan gətirilən balı keyfiyyətsiz olması ilə bağlı iddialara belə cavab verdi: “Əlimizdə laboratoriyanın nəticəsi var, ona uyğun da satışa icazə verilib”.
Qırğız balının baha satışına gəlincə, M.Hacıyev bazarda qiymətin sərbəst olduğunu xatırlatdı: “Bu ildən standart qiymətlər tətbiq olunmur. Biz qiymət məsələsinə müdaxilə etmirik. Bu il qiymət sərbəstdir və alıcı da baxır, xoşuna gələn balı alır”.
Xatırladaq ki, Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası oktyabrın 31-dək davam edəcək.
SEVİL