20 İyul 2020 16:09
3 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 9-da Rusiya Federasiyasının Xabarovsk vilayətinin qubernatoru Sergey Furqalın həbsindən sonra izdihamlı mitinqlər başayıb. Küçələrə axışan 10 minlərlə insan qubernatorun azadlığa buraxılması tələbini irəli sürür.

Teleqraf.com xəbər verir ki, bu, faktiki olaraq Putinin hakimiyyətdə olduğu illər ərzində ona qarşı keçirilən ən izdihamlı aksiyadır.

Aksiyada Putin hökumətinin əleyhinə şüarlar da səsləndirilir. Prosesin incə məqamı onunla bağlıdır ki, həbs edilən qubernator Jirinovskinin lideri olduğu Liberal Demokratlar Partiyasının (LDP) üzvüdür.

Siyasi analitiklərə görə, bu aksiyalar Xabarovskda 1990-cı illərdən sonra keçirilən ən izdihamlı kütləvi tədbirlər olmaqla yanaşı, həm də Putin iqtidarına qarşı illərlə yığılıb cəmiyyətdə qalan narazı enerjinin təzahürüdür. Görünən budur ki, Putinin Rusiya üçün “səhnələşdirilən” siyasətində ilk dəfə çatlar yaranmağa başlayır. Mütəxəssislərin qənaətincə, artıq Rusiyada cəmiyyət idarəedilməz olmağa başlayıb, çünki Kremlin köhnə vasitələri artıq işə yaramır, sistem müxalifətindən istifadə edərək ictimai narazılığını ört-basdır etmək də getdikcə mümkünsüzləşir.

Məsələnin faktoloji tərəfi ondan ibarətdir ki, Sergey Furqalın 2018-ci il seçkilərində qalib gəlib. Sonradan Vahid Rusiya Partiyası onu öz tərəfinə çəkmək istəsə də, bu alınmayıb. Nəticədə iyulun 9-da qubernator həbs edilib və onu 2000-ci illərdə törədilən bir neçə qətldə ittiham edirlər. 11 iyulda isə Xabarovskda izdihamlı mitinqlər başlayıb. Rusiya iqtidarı vəziyyəti nəzarətə almaq üçün ehtiyat tədbirlərinə əl atıb. İndi Xabarovskda baş verənlər Putinə qarşı ictimai qəzəbin püskürməsi kimi də təqdim edilə bilər.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, əhalinin küçələrə çıxmasının birinci səbəbi qubernatorun həbsidir:

“Bəli, əhali 2018-ci ildə səs verdiyi qubernatorun müdafiəsinə qalxıb. Həm də deyirlər ki, əgər bu şəxs 2000-ci illərdə cinayət törədibsə, niyə namizədliyinin irəli sürülməsinə imkan verilib, nədən zamanında həbs edilməyib... Bu faktiki iqtidarı fakt qarşısında qoymaqdır”.

Müsahibimiz də hesab edir ki, belə aksiyalar Xabarovskda sonuncu dəfə 1990-cı illərdə keçirilib:

“Kimin nə deməsindən asılı olmayaraq bu aksiyalar şəxsən Vladimir Putinə qarşı keçirilir. Bu, birmənalıdır. Bəllidir ki, Vahid Rusiya Partiyası Xabarovskdan cəmi 3 yer qazanıb, qalan yerləri kommunistlər və liberallar əldə edib. Sorğu zamanıda Vahid Rusiya Partiyasına səs verənlər az olmuşdu. Görünən budur ki, aksiyalar həm də mərkəzi hakimiyyətə qarşı yönəlib. Əhalinin etirazı üçün kifayət qədər əsasları da var. Aksiya zamanı siyasi şüarların səsləndirildiyi də deyilir və bu məncə, təhlükəli məsələdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər