9 Avqust 2020 01:15
2 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi, səfir Miqel Korrea və Birləşmiş Ştatların Liviyadakı səfiri Riçard Norland rəsmi Tripoli ilə onlayn danışıqlar aparıblar.

Teleqraf.com xəbər verir ki, Liviya Razılıq Hökumətinin iştirak etmədiyi danışıqlarda bu ölkəni parlamentin Xarici əlaqələr komitəsinin sədri Tacəddin əl-Rezaqi təmsil edib.

ABŞ-ın Tripolidəki səfirliyinin mətbuat açıqlamasında bildirilib ki, tərəflər Sirtə və Cufra zonasından qoşunların çıxarılması və neft sektorunun fəaliyyətinin tam şəffaf şəraitdə bərpa edilməsi istiqamətində konkret addımlar ətrafında fikir mübadiləsi aparıblar. Birləşmiş Ştatlar, həmçinin Liviyanın suverenliyi və digər ölkələrin muzdlu əsgərlərinin bölgədən çıxarılması barədə mövqeyini çatdırıb.

Liviya parlamentinin nümayəndəsi və ABŞ diplomatları bu məsələlərə dair sıx əməkdaşlıq edəcəklərini vurğulayıblar. Vaşinqton bütün tərəflərlə, o cümlədən Liviya Razılıq Hökuməti ilə bu ölkədə gərginliyin azaldılması, silahlı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirəcəyini bəyan edib.


Müəllif: Teleqraf.com