Avropada Ebola virusuna ilk yoluxmuş şəxs olan Tereza Romeronun yaşadığı Madridin Alkorkon rayonunda əhali təşviş içindədir. Bu şəxsin qonşularından bəziləri günlərlə evdən bayıra çıxmırlar, övladlarını məktəbə göndərməkdən imtina edirlər.
Xatırladaq ki, Tereza Romero Afrikada Ebolaya yoluxaraq Madridə müalicə üçün gətirilmiş və sentyabrın 25-də xəstəxanada vəfat etmiş rahib Manuel Qarsia Vyexoya xidmət etmiş tibb bacısıdır. İndi o özü bu təhlükəli virusla mübarizə aparır. Hazırda bu hadisəyə görə ölkənin Səhiyyə Nazirliyi, yoluxmanın baş verdiyi Madridin 3-cü Karlos adına hospitalı kəskin tənqid olunur.
Teleqraf.com-un məlumatına görə, vəziyyətlə əlaqədar Baş nazir Mariano Raxoy şəxsən bu hospitala gəlib. İddia olunur ki, təhlükəli virusun tibb bacısına keçməməsi üçün təhlükəsizlik tədbirləri kifayət qədər olmayıb.
Tereza Romeronun “Ekskalibur” ləqəbli itinin Ebola virusunun daşıyıcısı ola biləcəyi şübhəsi ilə öldürülməsi isə heyvan haqları müdafiəçilərinin etirazlarına səbəb olub.
Hazırda Tereza Romero ilə bu dövrdə hər hansı ünsiyyəti olmuş 16 nəfər də 3-cü Karlos adına hospitalda həkim nəzarətinə götürülüb.