15 Sentyabr 2020 11:42
5 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Rusiyadakı səfirliyi keçmiş səfir Raimkul Attakurovun sosial şəbəkələrdə müzakirə olunan açıqlamasına reaksiya verib.

Teleqraf.com-un məlumatına görə, səfirliyin açıqlamasında deyilir:

“Rusiya Federasiyasında yaşayan Qırğızıstan Respublikasının vətəndaşları informasiya portallarından birində Attakurovun “Qırğızıstanda Rusiyaya qoşulma ehtimalı müzakirə olunur” ifadəsi ilə bağlı diplomatik nümayəndəliyə müraciət edirlər. Səfirlik bu cür iddiaların əsasının olmadığını bəyan edir. Attakurov bir fərd kimi özünün şəxsi fikirlərini bildirib. Rəsmi mövqe bundan ibarətdir ki, Qırğızıstan müstəqil, suveren dövlət, beynəlxalq münasibətlərin tam iştirakçısıdır”.

Eyni zamanda, səfirlik Qırğızıstan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, anlaşma və dəstək ruhunda dinamik inkişaf etdiyini xatırladıb:

“Xalqlarımızı ortaq tarix və Avrasiya mənəvi dəyərləri birləşdirir. Qırğızıstan və Rusiya etibarlı müttəfiq və strateji tərəfdaşdır”.

Səfirlik hər kəsi dövlət maraqlarına zərər verə biləcək açıq bəyanatlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, Moskvadakı qırğız diasporunun rəhbəri, Qırğızıstanın Rusiyadakı keçmiş səfiri Raimkul Attakurov rus mediasına açıqlama verərək ölkəsinin Rusiya tərkibinə qatılma ehtimalından danışmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər