24 Sentyabr 11:57
19 991

Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizində müşahidə edilən hərbi-siyasi gərginliyə Avropa Birliyinin (AB) tərəf olaraq qatılması və Türkiyəyə sanksiya tətbiqi ilə bağlı görüşün baş tutmamasının səbəbləri tədricən ortaya çıxır.

Teleqraf.com qeyd edir ki, ilk baxışdan Türkiyənin Şərqi Aralıq dənizində neft-qaz axtarışını dayandırması AB-nin Ankaraya qarşı dialoq xəttini gücləndirməsi ilə müşahidə edilib və sanksiya ehtimalı siyasi gündəmdən çıxıb.

Amma bu məsələdə Cənubi Kipr Respublikasının davranışları da müəyyən qədər rol oynayıb.
“Röyter” agentliyinə danışan AB diplomat və rəsmiləri qeyd ediblər ki, Türkiyənin dialoqa gəlməsi, müzakirələrə hazır olması konteksində sanksiya təhdidi ehtimalı aşağı düşüb.

AB-nin adı çəkilməyən diplomatı bildirib ki, dialoq mühiti sanksiya təhdidi ehtiyacını azaldıb. Bu səbəbdən də 27 üzv dövlət arasında belə bir addım üçün konsens yoxdur.

Agentlik qeyd edir ki, Türkiyənin Cənubi Kipr sahillərindən “Oruc Rəis” gəmisini çəkməsi də gərginliyin müəyyən qədər azalmasına kömək edib.

Başqa bir AB diplomatı isə deyib ki, 24-25 sentyabrda planlaşdırılan zirvə görüşünün təxirə salınması daha çox zaman qazanılması baxımından önəmlidir.

Yeri gəlmişkən, qeyd edək ki, Şərqi Aralıq dənizindəki böhranla bağlı vacib məsələlərdən biri də AB-nin Belarus mövzusunda qeyri-müəyyən fikirdə olmasıdır. Yunanıstan tərəfindən dəstəklənən Cənubi Kipr Respublikası hökuməti Ankaraya qarşı sərt mövqe sərgilədiyi halda Belarusla bağlı AB-nin sanksiyasını blok edir. Blearusa qarşı sanksiyanın həyata keçməsi üçün AB-nin 27 dövlətinin eyni mövqedən çıxış etməsi vacibdir. Belə görünür ki, Cənubi Kipr Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyi təqdirdə Belarus məsələsində güzəştə gedə bilər. Bu isə faktiki olaraq üzv dövlətlərin birliyə qarşı şantajı sayılmalıdır.

Cənubi Kipr diplomatı “Röyter”ə danışaraq deyib ki, proseslər bu şəkildə inkişaf edərsə, qorxuram Belarus məsələsində israr etmək məcburiyyətində qalacağıq. Əllərindəki tək silahın bu olduğuna diqqət çəkən diplomat əlavə edib ki, AB onlara başqa bir diplomatik yol saxlamayıb.

Diplomat əlavə edib ki, türklər çox ağıllı oyun qurublar: “Yunanıstanla yaxınlaşaraq bizim digər ölkələrlə aramızı vurmağa çalışırlar. Biz kənara itələnmiş kimi görünürük”.


Müəllif: Cavad