Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kanada Baş naziri Castin Trüdo arasında telefon danışığı baş tutub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan-Trüdo arasında telefon danışığı zamanı Türkiyə-Kanada münasibətləri müzakirə edilib, ikili ticarətin həcminin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlıqda yaranan problemlər müzakirə edilib.
Türkiyə lideri Ermənistanın hücumları səbəbindən gərginləşən Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən Kanadanın bəzi hərbi məhsulların Türkiyəyə ixracını dayandırmasının müttəfiq ruhunun əleyhinə olduğunu bildirib.
“Ermənistan-Azərbaycan münaqişəsinin bu həddə çatmasının əsas səbəbi Dağlıq Qarabağın 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olmasıdır”, - deyə xatırlatma edən Ərdoğan qeyd edib ki, Azərbaycan hərbi əməliyyatları beynəlxalq səviyyədə tanınan əraziləri daxilində həyata keçirir.
Əlavə edək ki, Ərdoğan-Trüdo arasında telefon görüşü Ukrayna Prezidenti Vladimir Zelenski ilə yemək süfrəsi arxasında baş tutub. Telefon görüşünün bir mərhələsində Vladimir Zelenski də qatılaraq Kanada baş naziri ilə dostcasına müzakirələr aparıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla Kanada Baş naziri Castin Trüdo arasında telefon danışığı olub. Ermənistan rəhbəriyi Azərbaycanın öz ərazilərində hərbi əməliyyat aparmasından Kanada başçısına şikayət edib. Görünən budur ki, Türkiyə Prezidenti Ərdoğan Ukrayna Prezidenti Zelenskini yanına alaraq Kanada baş naziri ilə telefon danışığı ilə əslində Paşinyanın hiyləgər gedişinin qarşısını alıb.