24 Oktyabr 2020 10:48
11 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağda referendum və başqa ölkələrin silahlı sülhməramlı qüvvələri olmamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Ekspert Ermənistanın hökumət başçısının Dağlıq Qarabağ məsələsi ilə bağlı son açıqlamasına diqqət çəkib:

“Ermənistan Baş naziri Nikol Paşinyan açıqlama verib ki, kompromis olaraq Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razıdır. Onu da qeyd edib ki, Azərbaycanın sülhməramlıların tərkibi ilə bağlı mövqeyi onların mövqeyi ilə üst-üstə düşmür.

Mən Azərbaycan rəsmilərinin Qarabağda sülhməramlı qüvvələrin tərkibi ilə bağlı nə düşündüyünü bilmirəm. Paşinyanın yuxarıda dedikləri həqiqəti əks etdirməyə bilər. Lakin bildiyim odur ki, bu illər ərzində biz Paşinyanın indi dediyi formatda sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsinə razı olsaydıq, 27 il gözləməzdik.

Lap əvvəldən “Madrid prinsipləri”nin milli maraqlarımıza uyğun olmadığı qənaətində olmuşam. Qarabağda referendum və başqa ölkələrin silahlı sülhməramlı qüvvələri olmamalıdır. Buna getmək ocağı söndürüb külləri közərtmək kimi bir şeydir. Kənardan müdaxilə olmasa, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini özümüz hamıdan yaxşı təmin edərik. Təki onların dərdi məhz təhlükəsizlik olsun. Azərbaycan - etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bu torpaqlarda yaşayan və özünü vətəndaş hesab edən hər kəsin vətənidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər