Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı missiya kimi istifadə edilməsi üçün Federasiya Şurasının razılığı lazımdır, çünki söhbət operativ hərbi vəziyyətdən deyil, bir neçə illik planlaşdırılan hadisədən gedir.
Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Federasiya Şurasının konstitusiya qanunvericiliyi üzrə komitəsinin sədri Andrey Klişas deyib.
“Federasiya Şurasının 2009-cu ildə qəbul etdiyi qərara əsasən, Rusiya Federasiyası vətəndaşlarının xilas edilməsi ilə əlaqədar operativ hərbi vəziyyəti həll etmək və ya Rusiya hərbi birləşmələri üçün yaranan təhlükənin qarşısını almaq üçün Rusiya Federasiyası Prezidentinin Federasiya Şurasının razılığını istəməsinə ehtiyac yoxdur. Ancaq hazırkı vəziyyətdə biz siyasi razılaşma prosesi haqqında danışırıq. Rusiya Federasiyası qoşunları uzun müddət Rusiya xaricində olacaq, ona görə də Federasiya Şurasının razılığı lazımdır”, – deyə Klişas bildirib.
O, rus qoşunlarının Dağlıq Qarabağdakı sülhməramlı mandatının sonrakı uzadılma ehtimalı ilə beş il üçün nəzərdə tutulduğunu xatırladıb.
“Söhbət artıq Rusiya Federasiyası Prezidentinin müəyyənləşdirdiyi kontingentdən gedir”, – Klişas qeyd edib.
Xatırladaq ki, Federasiya Şurası elə bu gün Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı missiyada iştirakına icazə verib. Federasiya Şurasının plenar iclasında prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı missiyada istifadə olunması ilə bağlı müraciəti yekdilliklə qəbul olunub.