Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin 2021-2027 maliyyə dövrü üçün Avropa İttifaqının büdcəsi və koronavirus pandemiyasının vurduğu ziyanı düzəltmək üçün bir sıra tədbirlər paketinə veto qoyacağını söyləyib.
Teleqraf.com xəbər verir ki, Macarıstan hökumətinin başçısı bunu Almaniya kansleri Angela Merkelə, Avropa Komissiyasının sədri Ursula von der Leyenə və Avropa Şurasının prezidenti Charles Michelə ünvanladığı məktubda bildirib.
Baş nazir ölkəsinin çoxillik büdcənin bütün elementlərinə qarşı səs verəcəyini və yekdil təsdiq tələb edən hissələrə veto qoyacağına söz verib.
Macarıstan bu vəziyyətdə ““hər şey razılaşdırılmayana qədər heç bir şey razılaşdırılmayıb” prinsipinə sadiqdir”, - deyə V.Orban bu gün ölkənin ictimai radiosunun efirində bildirib.
Xatırladaq ki, Baş nazir dəfələrlə Avropa İttifaqının büdcəsi və təzminat paketinin ikili standart elementlərini ehtiva edən şərtlərə bağlanmasının yolverilməzliyi barədə xəbərdarlıq etmişdi. Bu cür tədbirlər üzv dövlətlər arasındakı etibarı poza və Macarıstanın maraqlarına zidd ola bilər, deyə, hökumət başçısı qərarını izah edib.