Rusiya Prezidenti Vladimir Putinin köhnə tanışı Svetlana Krivonoqix əsas səhmdarı prezidentin dostu olan “Rusiya” bankında paya sahibdir. Bundan əlavə, 2013-cü ildə Katerina Putinin (Tixonova) toyunun keçirildiyi bir xizək kurortuna və Sankt-Peterburqun mərkəzində bir mədəniyyət mərkəzinə sahibdir. 2003-cü ildə Krivonoqix Putinə “fövqəladə dərəcədə bənzər” bir qız uşağı dünyaya gətirdi.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Proekt” nəşri yazıb.
Nəşrə görə, Krivonoqix Putinlə 1990-cı illərin sonunda tanış olub. O, bundan sonra “Rusiya” bankında işə düzəlib. Bank Putinin köhnə dostu Yuri Kovalçuka aiddir. 2007-ci ilə qədər Krivonoqix səhmlərinin 3.6 faizini alaraq banka ortaq oldu. 2019-cu ilin əvvəlindən etibarən qurumdakı payı 800 milyon rubl həcmində qiymətləndirilir.
Krivonoqix Putin və dostları ilə 90-cı illərin ortalarında qurduğu “Ozero” bağ kooperativindən 40 kilometr məsafədə yerləşən “İqora” xizək kurortuna da sahibdir. Putin kurortun açılışında iştirak edib. Prezident 2013-cü ildə qızı Katerina Tixonovanın toyunu burada təşkil edib.
“Proekt” bildirir ki, kurortun 25 faizi Kovalçuk və həyat yoldaşına məxsusdur, baxmayaraq ki, kurortun əsas investoru ona məxsus bankdır.
Krivonoqix ailəsinin bütün əmlak və biznesinin ümumi dəyəri 7.7 milyard rubl və ya təxminən 100 milyon dollar olaraq qiymətləndirilir.
Putinin 90-cı illərdəki tanışları Krivonoqixlər haqqında “Proekt”ə danışmaqdan imtina ediblər. İddiaya görə, bunun səbəbi Svetlananın qızı Yelizaveta ola bilər. O, 2003-cü ildə anadan olub. “Proekt”in tanış olduğu sənədlərin nüsxələrində Yelizaveta Krivonoqixin atasının kimliyi göstərilmir, yalnız atasının adı görünür - Vladimirovna.
Nəşrin iddiasına görə, Yelizaveta fotolarda fövqəladə dərəcədə Rusiya prezidentinə bənzəyir. Qızın Putinlə oxşarlığı 70.44-75 faizdən yuxarıdır. Yetkinlik yaşına çatmayan qızın fotoları mediadan gizlədilir.
Prezidentin mətbuat katibi Dmitri Peskov isə “Proekt”ə Krivonoqix adını ilk dəfə eşitdiyini söyləyib.