Yeni il ərəfəsində küçə iğtişaşları zamanı Fransanın Strasburq, Ren və digər şəhərlərdə 60-a yaxın avtomobil yandırılıb.
Teleqraf.com xəbər verir ki, yanğın barədə ilk xəbərlər Yeni il gecəsi Strasburqun qərbindəki Kronenburq ərazisindən gəlib.
Gecə yarısından sonra Münziq, Savern və Ostvald kommunalarından da maşınların yanması barədə məlumatlar verilib. Daha sonra Kelestat kommunasında vandalizm və yanğın haqqında polisə məlumat daxil olub.
Jandarma və polis axtarışlar zamanı Strasburqda və şəhərətrafı ərazilərdə bir gecədə 20 nəfəri tutmağı bacarıb. Saxlanıların iddiasına görə, bu yola əl atmalarının səbəbi iğtişaş yaratmaq və vandalizm deyil, komendant saatının ləğv edilməməsi, kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsidir.
Fransa Daxili İşlər Nazirliyi, Yeni il ərəfəsində şəhərlərin təhlükəsizliyini təmin etmək üçün 100 min polis və jandarma göndərib. Onların əsas vəzifələrindən biri, şəhərlərdə icazəsiz aksiyaların və qarşıdurmaların qarşısını almaq, habelə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkə daxilində saat 20: 00-dan 06: 00-dək olan komendant saatına əməl olunmasına nəzarət etməkdir.