6 Yanvar 2021 13:59
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreynin atdığı addımlarla başlayan, Qətərlə bütün diplomatik münasibətləri donduran və hava sahələrini Dohaya bağlayan Körfəz böhranı 3.5 ildən sonra dünən imzalanan razılaşma ilə rəsmi olaraq sona çatıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın böhranı həll etmək üçün “böyük bir addım” olaraq xarakterizə edilən müqavilənin imzalanmasında vasitəçilik etdiyi bildirilib.

Liderlər Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilən 41-ci Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) zirvəsində son bəyannaməni imzalayıblar. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman KƏŞ Zirvəsi üçün ölkəyə gələn Qətər əmiri Şeyx Təmim bin Haməd əl-Sanini qarşılayıb.

Şahzadə şeyxlə cangüdənləri olmadan görüşüb. Bin Salman zirvənin keçirildiyi Əl-Ula şəhərinə gələn Qətər Əmiri əl-Sanini isti qarşılayıb və ikisi də pandemiyaya baxmayaraq qucaqlaşaraq səmimi şəkil çəkdiriblər.

Şahzadə Qətər şeyxinin öz gəlişi ilə Səudiyyə Ərəbistanını nurlandırdığını deyib.

Çıxışlardan sonra liderlər 41-ci KƏŞ sammitinin yekun bəyannaməsini imzalayıblar.

Məlumata görə, anlaşmanın imzalanmasından sonra Körfəz ölkələri Qətərə tətbiq etdikləri sanksiyaları ləğv edəcəklər.

ABŞ Prezidenti Donald Trampın kürəkəni və Yaxın Şərq üzrə məsləhətçisi Jared Kuşner də zirvəyə qatılan adlar arasındadır.

Beləliklə, Körfəz bölgəsində təxminən 3.5 ildir davam edən embarqo böhranı Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində təşkil edilən KƏŞ sammitinin imzaları ilə sona çatıb.

ABŞ, Türkiyə və Avropa İttifaqı da daxil olmaqlq dünya ictimaiyyətindən anlaşmaya dəstək açıqlamaları verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər