Fransa, Almaniya və İngiltərə İranın uranı 20 faiz zənginləşdirmə qərarından narahat olduqlarını bildiriblər.
Teleqraf.com xəbər verir ki, Fransa, Almaniya və İngiltərənin xarici işlər nazirləri İranın nüvə fəaliyyətləri ilə bağlı birgə bəyanat veriblər.
İranın uranı 20 faiz zənginləşdirmə fəaliyyətindən narahatlıq ifadə edən açıqlamada qeyd edilib ki, bu addımın etibarlı bir səbəbi yoxdur, silahlanma riski daşıyır və İranın nüvə razılaşması ilə bağlı öhdəliklərinin açıq şəkildə pozulmasıdır.
Bəyanatda bildirilib ki, bu addım ABŞ-ın yeni rəhbərliyi ilə diplomatiya masasına qayıtmaq fürsətini təhlükə altında qoyur.
Üç ölkə birgə bəyanatda İranı uranı 20 faiz zənginləşdirmə fəaliyyətinə dərhal son qoymağa, zənginləşdirmə proqramını nüvə anlaşmasında müəyyən edilmiş hədlərə qaytarmağa və gərginliyin artmasına səbəb ola biləcək tədbirlərdən çəkinməyə çağırıb.
İran Atom Enerjisi Agentliyi yanvarın 5-də Fordo nüvə obyektində uranın 20 faiz zənginləşdirilməsi prosesinin başladığını açıqlayıb.