“Bu günə qədər ABŞ-ın seçki sistemindəki çatışmazlıqların aradan qaldırılması üçün seçki qanunvericiliyinə 750-yə yaxın düzəlişin edilməsi təklifi irəli sürülüb, amma o düzəlişlərin heç biri qəbul olunmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert ötən il noyabrın 3-də ABŞ-da keçirilmiş president seçkiləri ətrafında yaranmış narazılıqlara diqqət çəkib:
“Federal dövlət olan Amerikada hər bir ştatın öz qanunvericiliyi var. Mövcud qanunvericiliyə görə, ABŞ vətəndaşlarının birbaşa prezidenti seçmək hüququ yoxdur. 50 ştat və Kolumbiya federal dairəsi də kvotaya uyğun olaraq 538 nəfərdən ibarət seçicilər kollegiyasını formalaşdırırlar. Bu 538 nəfər də öz növbəsində prezidenti seçirlər. Həmin 538 nəfərin istənilən bir qrupu demokratlar, yaxud respublikaçılar tərəfindən ələ alınarsa, bu, faktiki olaraq, ABŞ seçicilərinin səslərinin oğurlanması, onların iradəsinin əleyhinə qərar qəbul olunması halıdır.
Digər tərəfdən, kvotaların özü də ədalətli bölünməyib. Yəni insan sayına görə deyil, əraziyə görə bölgü aparılıb, kvota müəyyənləşdirilib. Misal üçün, Kaliforniya seçki kollegiyasının bir üzvü 682 min nəfəri təmsil edir. Başqa bir ştatda isə 165 min nəfəri bir adam təmsil edir. Bundan başqa, seçki qanunvericiliyinə əsasən, seçki kollegiyalarının üzvlərinin seçilməsi yalnız ştatlardan və federal ərazidən mümkündür. Belə olan halda, ştata daxil olmayan digər ərazilərin nümayəndələri səs verə bilmirlər. Puerto-Riko, Virciniya, Şimali Marian adaları və sairdə yaşayan insanların ümumiyyətlə səsvermə hüququ yoxdur. Bu da ABŞ seçki sistemində olan ciddi çatışmazlıqlarla əlaqədardır”.
Elçin Mirzəbəyli ABŞ-ın seçki sistemindəki çatışmazlıqların aradan qaldırılması ilə bağlı edilən səylərin nəticə vermədiyini və bunun bir sıra səbəblərinin olduğunu söyləyib:
“Bu günə qədər həmin çatışmazlıqların aradan qaldırılması üçün seçki qanunvericiliyinə 750-yə yaxın düzəlişin edilməsi təklifi irəli sürülüb. Həmin düzəlişlərin böyük əksəriyyəti vətəndaşların seçki hüququ ilə bağlıdır. Lakin o düzəlişlərin heç biri qəbul olunmayıb. Respublikaçılar və Demokratlar siyasi sistemi monopoliyada saxladıqları üçün belə qərarların qəbul edilməsi, düzəlişlərin həyata keçirilməsi qeyri-mümkündür”.