14 Yanvar 2021 16:24
7 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

14:46

“Qarabağ savaşının Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra Mehri dəhlizinin açılması, yeni bir beynəlxalq tranzit nəqliyyat xəttinin işə düşməsi deməkdir. Bu, Lapis Lazuli (Lazurit yolu) beynəlxalq tranzit dəhlizidir. Bu xəttin açılması 2017-ci ildə Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan və Əfqanıstan hökumətləri arasında bağlanan müqavilə ilə nəzərdə tutulurdu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, sözügedən ölkələr öz dəmir və avtomobil yollarını bu müqavilə əsasında birləşdirəcəkdi:

“Bu beynəlxalq marşrut Gürcüstan ərazisindən keçəcəkdi. Artıq Mehri dəhlizinin açılması, bu yolu daha da qısaldacaq, Türkiyənin bu xətlə Mərkəzi Asiya, Əfqanıstan və Pakistana çıxışına yeni imkanlar yaradacaq. Qeyd edim ki, bu prosesdə Böyük Britaniya da yer alır və Türkiyə ilə birgə Mərkəzi Asiya, Əfqanıstan və Pakistanla sıx əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır.

Qənaətimə görə, son aylarda Əfqanıstan-Azərbaycan əlaqələri yeni müstəviyə daxil olub. Əfqanıstan rəsmilərinin Azərbaycana səfərləri, Kabildə Azərbaycan səfirliyinin açılması barədə qərarın qəbul edilməsi də bundan xəbər verir. Hesab edirəm ki, iki ölkə arasındakı qarşılıqlı səfərlər, bağlanan müqavilələr yeni bir tranzit marşrutunun açılmasına əsaslanır. Beləliklə, Azərbaycan və Pakistan arasında quru əlaqəsi təmin edilir. Əfqanıstan Qarabağ müharibəsində Azərbaycanı tam dəstəklədi. Artıq Türkiyə, Azərbaycan, Əfqanıstan, Pakistan və Türkmənistan arasında siyasi-iqtisadi platforma yaranır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Türkiyənin bu layihədə iştirakı və Türkmənistanla yeni əməkdaşlıq formatı Trans-Xəzər qaz kəmərinin çəkilməsi ilə nəticələnə bilər:

“Rusiya və İran Xəzərin ekologiyasını bəhanə edib bu xəttin çəkilməsinə mane olmağa çalışır. Amma yeni beynəlxalq tranzitin açılması, eləcə də Türkiyə və Pakistanın birgə səyləri nəticəsində Xəzərin dibi ilə Trans-Xəzər qaz kəmərinin çəkilməsinin qarşısındakı maneələri aradan qaldırılacaq. Bununla Pakistan, Türkmənistan və Əfqanıstanın Avropaya çıxışı təmin edilir. Əlbəttə, həmin ölkələrin yüklərinin Azərbaycan üzərindən – daha qısa və təhlükəsiz yolla daşınması daha əlverişlidir.

Hesab edirəm ki, baş verənlər fonunda İranın tranzit ölkə statusu zəifləyəcək, Türkmənistan qazının Avropaya çıxışı təmin olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu