“Rusiyada müxalifət lideri Aleksey Navalnın siyasi olimpə yüksəlməsi bu ölkədə demokratik düşərgəni canlandırıb. Hesab etmək olar ki, son 20 ildə ilk dəfə Rusiya hakimiyyətinin ciddi narahatlığına səbəb olan bir müxalifət formalaşıb. Bu müxalifət siyasi düşərgələrdən yox, geniş xalq kütlələrindən və gənclərdən ibarət olduğu üçün Putin hakimiyyəti müxalifəti zərərsizləşdirə bilmir və özünə qarşı potensial rəqib və güc hesab edir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert hesab edir ki, Navalnının ətrafında formalaşan yeni siyasi qüvvələr təkcə Putini yox, əsrlərdir Rusiyanı pərdəarxasından idarə edən hərbi elitanı da narahat edir:
“Navalnıya qarşı bütöv bir sistemin mübarizəsinin arxasında duran əsas məqam da budur. Rusiyadakı hakim elita bir neçə il əvvəl oliqarx-müxalifətçi Mixail Xodorovskini ona görə netrallaşdıra bildi ki, o, geniş xalq kütləsinin dəstəyinə malik deyildi və bir qrup siyasi qrupun təmsilçisi idi. Eyni zamanda, Xodorovski Rusiya hərbi-siyasi elitasından aldığı dəstək hesabına zənginləşmişdi. Buna görə onun zərərsizləşdirilməsi çətinlik yaratmadı. Amma Kremldəki keçmiş KQB maqnatı bir neçə ildir Navalnını neytrallaşdırmaqda çətinlik çəkir.
Hesab edirəm ki, Navalnının həbsi cəmiyyətdəki narazılığı artıracaq və bu, onun uzun müddət həbsdə saxlanılmamasını şərtləndirəcək. Ümumiyyətlə, Rusiya kimi – hələ də cəmiyyətin “Stalinin dəmir yumruğu” ilə idarə olunduğu bir ölkədə demokratik düşərgəni təmsil edən birinin hakimiyyətə gəlişi, yalnız etirazların kütləvi hal alması ilə reallaşa bilər. Bu da hazırkı situasiyada mümkün deyil. Navalnının seçkilərlə hakmiyyətə gəlməsi də mümkünsüz görünür”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Navalnı və demokratik düşərgə situasiyanı nəzərə alaraq, post-Putin dövrünə hazırlaşır:
“Amma o dövrdə də, Rusiyada demokratiyanın bərqərar olacağı mümkün görünmür. Sadəcə olaraq, Navalnı ətrafında baş verənlər yalnız rusiyalı gəncləri siyasi meydanda daha da fəallaşdıracaq, bu da Kremldə kök atmış köhnə sistemə qarşı demokratik dalğanı gücləndirəcək”.