20 Yanvar 2021 14:02
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bu il uşaq əməyinə son qoymağa qərarlıdır. Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünya miqyasında uşaq əməyinə son verilməsi üçün qanunvericilik və tətbiqetmə tədbirlərini təşviq etmək məqsədilə 2021-ci ili "Beynəlxalq uşaq əməyinin aradan qaldırılması ili" olaraq müəyyən edib.

Teleqraf.com xəbər verir ki, yanvarın 21-də “Beynəlxalq uşaq əməyinin aradan qaldırılması ili” tədbiri virtual şəkildə başlayacaq.

Konfransda 2025-ci ilə qədər bütün uşaq əməyinin, 2030-cu ilədək məcburi əməyin, müasir köləliyin və insan alverinin dayandırılması üçün mühüm addımların atılması gözlənilir.

BƏT-in məlumatına görə, son 10 ildə uşaq əməyi 38 faiz azalıb. Bununla yanaşı, hələ də uşaq əməyindən təsirlənən 152 milyon uşaq işçi var. Üstəlik COVID-19 pandemiyası bu vəziyyəti daha da gərginləşdirib. Amma bu tendensiyanı bərpa etmək üçün hələ də ümid var.

BƏT-in məlumatları göstərir ki, uşaq işçilərin 70 faizi əkinçilikdə, yaşayış üçün əsasən ticarət əkinçiliklə heyvandarlıqda işləyir. 5-14 yaşlı uşaqların 38 faizi təhlükəli işlərdə çalışırlar. BƏT-ə görə 15-17 yaş arası uşaqların təxminən üçdə ikisi həftədə 43 saatdan çox işləyir.

BƏT-in məlumatlarına görə, son 20 ildə təxminən 100 milyon uşaq əməkdən qurtarılıb. Bu baxımdan, 2000-ci ildə 246 milyon olan uşaq işçilərinin sayı 2016-cı ildə 152 milyona düşüb. Bunların 64 milyonu qız, 88 milyonu oğlan olub. Bu göstərici dünyada demək olar ki, hər on uşaqdan biridir.

Bildirilir ki, 5-17 yaş qrupunda işləyən uşaq sayının ən çox olduğu bölgə Afrikadır (72,1 milyon). Başqa sözlə, uşaq əməyinin təxminən yarısı Afrikada baş verir. Asiya və Sakit okeanda (62 milyon), Amerika qitəsində (10,7 milyon), Avropa və Orta Asiyada (5,5 milyon) və ərəb dövlətlərində (1,2 milyon) uşaq əməyindən istifadə olunur.

Üstəlik, 5-14 yaş arası işləyən uşaqların təxminən üçdə biri təhsil sistemindən kənarda qalır.

Uşaq əməyinə qarşı mübarizə BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biridir. Buna görə, üzv dövlətlərə məcburi əməyə, müasir köləliyə və insan alverinə son qoymaq, uşaqların əsgər kimi istifadəsi də daxil olmaqla uşaq əməyinin qadağan edilməsi və aradan qaldırılması üçün effektiv təcili tədbirlər görməsi və 2025-ci ilə qədər uşaq əməyinin bütün növlərinə son qoymaları tələb olunur.


Müəllif: Yeganə Oqtayqızı