Avropa İttifaqı (Aİ) ölkələri koronavirus peyvəndi tədarükündə problemlə qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, Aİ Komissiyası erkən peyvənd təsdiqini alan “BioNTech”lə müqavilə imzalamaq prosesinin çox ləng getməsindən şikayətçidir.
Başda Almaniya olmaqla bir çox Aİ ölkələrində vaksin çatışmazlığı və peyvəndləmə prosesinin İsrail və ABŞ kimi ölkələrlə müqayisədə ləng irəliləməsi ictimai tənqidlərə səbəb olub.
“Pfizer” və “BioNTech”in yanvarın 15-də COVID-19 peyvəndi istehsalını artırmaq üçün istehsal əməliyyatlarını yenidən satışa çıxaracağını və bu zaman Avropaya peyvənd tədarükünü müvəqqəti azaldacağı barədə açıqlaması Aİ ölkələrindəki tənqidi daha da artırıb.
İtaliya bu mövzuda məhkəmə prosesinə hazırlaşarkən, peyvəndlər İspaniyada tükənib.
Almaniya isə 80 yaşdan yuxarı peyvəndləri 1 həftə təxirə salıb və səhiyyə işçilərinin peyvəndlənməsini müvəqqəti dayandırıb. Almaniyanın Səhiyyə Naziri Yens Şpan “BioNTech” və “Pfizer” peyvəndinin gözlənilən saya çatmamasında əczaçılıq şirkətini günahlandırıb.
Nazir “Pfizer”in verdiyi elandan qəzəbləndiyini də bildirib.
İtaliya mətbuatı isə hökumətin Avropaya COVID-19 peyvəndi tədarükünü müvəqqəti olaraq azaldacağını açıqlayan “Pfizer”ə qarşı qanuni addımlar atmağı düşündüyünü yazır. Ölkədə Baş nazirlik Təcili Satınalma Komissarı Domeniko Arkuri peyvənd tədarükünün gecikməsi səbəbindən ölkədə vaksinasiyanın xeyli yavaşıdığını deyib.
Akuri “Pfizer”in peyvənd dozalarını 20 faiz azaltmasının 27 Aİ ölkəsinə təsir edəcəyini bildirib.
İspaniyada isə bəzi bölgələrdə bir şüşədən 5 əvəzinə 6 doza istifadə edilməsi barədə mübahisələr davam edir. Ölkənin bəzi bölgələrində şpris çatışmazlığı səbəbindən peyvəndin 6 dozaya bölünə bilmədiyi və bununla da vaksinin boşa getdiyi bildirilir.
Başqa bir Aİ ölkəsi Macarıstan isə peyvənd çatışmazlığı səbəbindən fərqli alternativlərə müraciət edib. Əvvəl Çin peyvəndi alacağını açıqlayan Macarıstan rəhbərliyi dünən Rusiyadan “Sputnik V” peyvəndi tədarük etmək üçün müqavilə imzalayıb.
Macarıstan rus peyvəndini alan ilk Aİ ölkəsi olub.