“İran rəsmiləri regional proseslərdən kənarda qalmamağa çalışırlar”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Fyodor Lukyanov İran Xarici işlər naziri Məhəmməd Cavad Zərifin regional turunu şərh edərkən söyləyib.
“İran baş verənlərdən son dərəcə həyəcan keçirir. Son bir neçə ayda iranlı həmkarlarımla müxtəlif səviyyələrdə maraqlı əlaqələr qurdum. Əmin oldum ki, birincisi, onlar bölgədəki dəyişikliklərdən son dərəcə narahatdırlar. İkincisi, hansı dəyişikliklərin baş verdiyini anlamırlar”, - Lukyanov qeyd edib.
Onun sözlərinə görə, xüsusilə Tehranda Rusiya və Türkiyə arasındakı qarşılıqlı fəaliyyətlərin xüsusiyyətləri aydın deyil, Ankaranın fəaliyyəti onlarda suallar doğurur.
Lukyanov hesab edir ki, Qarabağdakı müharibə zamanı İranın passivliyi məhz bundan qaynaqlanırdı: “Bu vəziyyətdə necə davranacaqlarını, regional vəziyyətin bundan sonra necə inkişaf edəcəyini özləri üçün müəyyən edə bilmədilər. İndi daha işgüzar duruma gəliblər, kənarda qalmaq istəmirlər. Regional dinamikanın digər oyunçular tərəfindən müəyyən olunduğu bir situasiyanı normal qəbul etməli olacaqlar.
Beləliklə, diplomatik fəaliyyət və formatlara dair təkliflər verilir. Bunun necə işləyəcəyi ayrı bir sualdır. Belə bir təəssürat yaranır ki, hazırkı iştirakçılar az və ya çox dərəcədə hadisələrin gedişatını necə aparmağı və onu hansı şəkildə idarə etməyi başa düşürlər”.
Ekspert bildirib ki, İranla Rusiya arasında kifayət qədər yaxın, lakin birmənalı olmayan münasibətlər mövcuddur: “Türkiyə ilə münasibətləri də sıxdır. Heç kim İranı incitmək istəmir, ancaq Bakı, Moskva, Ankara və İrəvan Tehranın iştirakçı olmasında nə dərəcədə maraqlıdır, burada uyğunsuzluqlar var”.