Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 22 il əvvəl şair və Fırat Universitetinin müəllimi Ahmet Tevfik Ozana yazdığı bir məktub ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.
Şair Ahmet Tevfik Ozan ötən ay ürək infarktından 68 yaşında vəfat edib. 1980-ci ildə baş verən dövlət çevrilişindən sonra bir müddət həbsdə qalan Ozanın 1999-cu ildə Pınarhisar həbsxanasında olan Rəcəb Tayyib Ərdoğana bir məktub yazdığı və əsərlərini göndərdiyi məlum olub.
Prezident Ərdoğan o dönəmdə Ahmet Tevfik Ozana təşəkkür məktubu göndərib. 22 illik məktub Ozanın övladları tərəfindən onun sənədləri arasından tapılıb.
Türkiyə lideri sözügedən məktubda yazıb:
“Qardaşım, hörmətli Tevfik Ozan, nəzakət göstərib göndərdiyiniz əsərlərinizi aldım. Təşəkkür edirəm. Bu vəsiləylə Allahın salamı, mərhəməti və bərəkəti üzərimizə olsun, deyirəm. Müvəqqəti bir məkandayıq. Bunun bizlər üçün mənalı və ya fərqli proses olmasını Rəbbimdən istəyirəm. Sizlərə də olduğunuz vəzifədə uğurlar arzulayıram. Salam və dua. Allaha əmanət olun”.