Yanvar ayının sonunda polis Amsterdam hava limanında diqqət çəkmədən orta yaşlı Kanada vətəndaşı olan bir çinlini həbs etdi. O, Asiyanın ən çox axtarılan adamı, sindikatı ildə 17 milyard dollar təşkil edən narkobaron – Tse Çi Lopdan başqası deyildi. “Çinli Eskobar” və “metamfetamin kralı” adlandırılan Tsenin həbsi bir çox ölkənin xüsusi xidmət orqanlarının uzun illər davam edən fəaliyyətinin nəticəsi idi.
Teleqraf.com Lenta.ru-ya istinadən Tse Çi Lop haqda məqaləni təqdim edir.
Dünyanın ən məşhur narkobaronları - kolumbiyalı Pablo Eskobar və meksikalı Xoakin Qusmandır. Birincisi 15 il “Medellin” kartelinin lideri olub. 1990-cı illərin əvvəllərində onun sərvəti 30 milyard dolları keçdi və kartel ABŞ-a gətirilən kokain tədarükünün 80 faizdən çoxuna nəzarət edirdi.
Eskobar 1993-cü ilin dekabrında Kolumbiya polisi və ABŞ kəşfiyyat xidmətinin birgə əməliyyatı nəticəsində öldürüldü.
Eskobarın gedişindən sonra “El Çapo” adıyla tanınan Qusman onun yerinə keçdi. Son vaxtlara qədər ABŞ-a kokain və heroin tədarük edən və zəmanəmizin ən güclü karteli hesab edilən Meksikanın “Sinaloa”nın lideri idi. Qusman bir neçə dəfə Meksika polisinin əlinə keçib, amma hər dəfə qaçıb. Lakin 2016-cı ildə başqa bir həbsdən sonra ABŞ-a ekstradisiya edilib və burada apellyasiya hüququ olmadan ömürlük həbs cəzası çəkir.
“Qızıl üçbucaq”da
Planetin demək olar ki, hər bir küncünün peyklərdən göründüyü və xüsusi xidmət orqanlarının özəl həyatın ən tənha guşələrinə nüfuz edə bildiyi müasir dünyada Eskobar və Qusmanın “uğurlarını” təkrarlamaq çətindir, habelə böyük narkotik kartellərinin yaradılması... Ancaq Tse Çi Lop bir gün latın amerikalı həmkarlarının “uğurlarını” təkrarlamağa qərar verib və bunu bacarıb.
Latın Amerikasının narkobaronlarından fərqli olaraq 57 yaşlı Tse Çi Lopun həyatı haqda çox şey bilinmir. Çinin Quandun əyalətində doğulub. “Datsyuan” cinayətkar qrupunun sıralarına qatılıb. Bu illər ərzində Cənubi Çində yeraltı dünyanın üç ən böyük liderindən biri olmağı bacarıb.
Tse dostları ilə birlikdə Honq-Konqa, daha sonra 1988-ci ildə vətəndaşlığını aldığı Kanadaya köçüb.
1990-cı illərdə Şimali Amerika və Cənub-Şərqi Asiya ölkələri arasında davamlı hərəkət etdiyi, yəqin ki, cinayət mühitində əlaqələr qurduğu məlumdur. Eyni zamanda, “qızıl üçbucaq” adlanan ərazidən - Tailand, Myanma və Laosdan heroin tədarükü ilə məşğul olan bir qrupa rəhbərlik etdiyinə inanılır.
Həbsdən qurtuluş
Ən azı bir dəfə bir Çin polisinin əlinə keçib. Bir dəfə də 1998-ci ildə ABŞ-da saxlanılıb. Tse heroini ABŞ-a qaçaqmalçılıq yolu ilə gətirmək üçün sui-qəsddə günahkar bilinib. Cinayətkar ömürlük həbs cəzası ilə ittiham edilsə də cəzası yumlaşldılıb. Xəstə valideynlərinin daimi qayğıya ehtiyaclarının olduğu, 12 yaşlı oğlunun ağciyər xəstəliyinə tutulduğu və həyat yoldaşının baş verənlərə görə depressiyaya düşdüyü ortaya çıxıb. Azadlığa çıxdıqdan sonra həyatında dəyişiklik edəcəyini, bir restoran açacağını deyib.
Məhkəmə sənədlərində təqsirləndirilən şəxsin hərəkətlərindən “çox peşman olduğu” bildirilir. Nəticədə Tse 2000-ci ildə 9 il həbs cəzası alıb, 2006-cı ildə şərti olaraq sərbəst buraxılıb. Həbsdən sonra Kanadaya gedib. Orada daha 4 il polis nəzarətində olmalı idi. Tse Çi Lopun Asiyaya nə vaxt qayıtdığı bilinmir, lakin 2011-ci ildə o və həyat yoldaşı Honq-Konqda bir şirkəti qeydiyyatdan keçirib.
Sərbəst buraxıldıqdan dərhal sonra cinayət işlərinə başladığına inanılır: Çin, Makao, Honq-Konq və “qızıl üçbucaq”da cinayətkar şəbəkə qurduğu iddia edilir.
Yenilikçi narkobaron
Tse narkotik ticarətində novatordur. Qeyri-adi iş modelinə üstünlük verir, polis ələ keçirdiyi narkotik yüklərinin mənbəyini tapa bilmirdi. Tse o illərdə orta gəlirli tipik bir orta yaşlı çinli ailə başçısı kimi görünürdü. Bununla yanaşı, zaman-zaman xərcləri ilə diqqət çəkirdi. Hər il doğum günündə qohumları və dostlarının xüsusi təyyarələrlə səyahət etdikləri kurortlardakı beşulduzlu otellərdə təmtəraqlı qonaqlıqlar təşkil edirdi. Tse tez-tez Asiya kazinolarına qonaq gəlir və at yarışlarına da pul qoymağı sevirdi.
Bundan əlavə, Tse Çi Lopun təhlükəsizliyi yüksək səviyyədə təşkil olunmuşdu. Həm evdə, həm də səfərlərdə həmişə yanında bir neçə peşəkar kikboksçu olurdu. Onun təhlükəsizliyi səkkiz nəfər tərəfindən təmin edilir və bu cür qrupların tərkibi daim dəyişirdi.
Xüsusi diqqət çəkməyən görünüşlü bir insanın həqiqətən kim olduğu yenilikçi yanaşması sayəsində məlum oldu. Avstraliya federal polisi 2011-ci ildə Melbörndə heroin və metamfetamin qaçaqmalçılığı ilə məşğul olan bir qrupu aşkarladı. Yükün həcmi kiçik olduğundan polis cinayətkarların onların vasitəsilə tədarükçülərə çatmağın mümkün olacağı ümidi ilə həbs edilməməsinə qərar verdi: şübhəlilər izlənildi, telefonları dinlənildi.
Eyni zamanda, Melbörnə gətirilən preparatlar mütəmadi olaraq polis tərəfindən ələ keçirildi və Tsenin iş modeli itirilən mallar üçün “təzminat” almağa hesablandığından, avstraliyalılar davamlı olaraq bu tələblə ona müraciət etdilər. İki il sonra Honq-Konqdakı boslar nə baş verdiyini anlamağa qərar verdilər. Bunun üçün Melbörndən olan narkotik qrupunun başçısı Honq-Konqa çağrıldı. Yerli polis onu izlədi. Toplantıda Tse Çi Lopu gördülər.
Çinlinin izlənməsi və sonrakı istintaqı ehtimal ki, onun metamfetamin, heroin və ekstazinin çox hissəsini Avstraliyaya göndərən narkotik maddə tacirlərinin lideri olduğunu ortaya qoydu. Lakin Tsenin rəhbərlik etdiyi sindikatın əksəriyyəti bir neçə il kölgədə qaldı. Cinayət şəbəkəsinin bütün Cənub-Şərqi Asiyaya yayıldığı faktı yanlışlığa yol verilməsəydi üzə çıxmayacaqdı.
Şübhəli tayvanlı
2016-cı ilin noyabr ayında Myanmanın ən böyük şəhəri olan Yanqon hava limanında evinə uçmağı planlaşdıran Çxay En Çe adlı bir tayvanlı tutuldu. “Jimmy Choo” markalı çantası və iki cib telefonu olan gənc çox əsəbi idi və diqqət çəkdi. Axtarış zamanı ombalarında narkotik maddə olan iki kisə ketamin gizlətdiyi ortaya çıxdı. Çxay çantasında dostunun atasına çiçəklər üçün həşarat dərmanı apardığını iddia etdi.
İfadə hava limanının əməkdaşlarını qane etmədi, şübhəli şəxs saxlanıldı. Ertəsi gün onu yerli narkotiklərlə mübarizə xidmətinin işçilərindən biri tanıdı, çünki ABŞ-dan Myanmaya kəşfiyyat məlumatı daxil olmuşdu. Narkotikin içində qaldığı üçün əlləri pis vəziyyətdə idi. Əlbəttə, metamfetamin yüksək dərəcədə zəhərlidir.
Çxay susurdu, amma telefonunda malları itirən səhlənkar bir kuryerə işgəncə verildiyi bir video tapıldı. Çxayın telefonları onun adından “ifadə” verirdi. Tayvanlının telefonlarında çox sayda foto və video vardı: bütün danışıq və mesajlaşma tarixləri, habelə sosial şəbəkələrdəki yazışmalar... Polis bu telefonları “xəzinə mağarası” adlandırdı.
Bunların sayəsində Myanmaya çay adı altında metamfetamin tədarükünü aşkarlaya bildilər və bir neçə yerli narkotik satıcısını həbs etdilər. Ancaq istintaqda əsl irəliləyiş Avstraliyadan olan müstəntiqlərin əldə edilmiş məlumatlarla tanış ola bildikləri zaman baş verdi - Tse Çi Lopu fotolardan birində tanıdılar.
Avstraliyalılar həmçinin Çxayın telefonlarındakı faktları narkotik cinayətləri bazasına uyğunlaşdırdılar. Çin, Yaponiya və Yeni Zelandiyada üç böyük metamfetamin tədarükü ilə əlaqəli fotoşəkillər tapdılar. Bütün bunlar hər şeyi başa düşməyə imkan verdi: əvvəllər müxtəlif sayılan Asiya qruplarının əslində bir sxemə daxil olduğu üzə çıxdı.
Çxayın da bu meqa-sindikatın üzvlərindən biri olduğu bəlli oldu. O, Tse Çi Lopun cinayət şəbəkəsinə daxil idi.
“Üçüncü qardaş”
ABŞ, Kanada, Çin və Yaponiya daxil olmaqla bir çox ölkədən 20-yə yaxın müxtəlif departament Asiya narkotik sindikatının fəaliyyətinin araşdırılmasına cəlb edildi. Avstraliya “Kunqur” adlanan və Asiyada narkotik ticarəti ilə mübarizə sahəsində ən böyüyü olan əməliyyata rəhbərlik etdi. Müstəntiqlər 2019-cu ilədək ən böyük narkotik sindikatının lideri Tse Çi Lop olduğunu anladılar. Ancaq Tayvan polisi onu sadəcə “icraçı direktor” kimi xarakterizə etdi.
Məlum olduğu kimi, sindikat bir anda ən Asiyanın ən məşhur cinayətkar qruplarından beşini birləşdirə bildi. Əvvəllər öz aralarında mübarizə aparan Honq-Konq və Makaonun ən böyük üçlüyü birlikdə işləməyə başladı: “14K”, “Voşinvo” və “Sanyon”. Tsenin üzvü olduğu “Datsyuan” və Tayvanın “Bambuk Birliyi” də bu birliyə qatıldı. Pul axını o qədər sabit və böyük idi ki, klanlar böyük mənfəət əldə etmək üçün çoxdan bəri davam edən qanlı rəqabətləri bir kənara qoydular.
Sindikat üzvləri bunu sadəcə “şirkət” adlandırsalar da polis quruma öz adını verdi – “Üçüncü qardaş” mənasını verən “Sam Ko”. Polis bununla Tse Çi Lopun ləqəblərindən birinə istinad etmişdi. Təşkilat transmilli bir şirkət prinsipi ilə işləyirdi. Liderlərinin Kanada, Honq-Konq, Makao, Tayvan, Malayziya, Myanma, Vyetnam və Çində olduğu ortaya çıxdı. Sindikat narkotik təmin etmək üçün bir çox kanal qurdu və eyni zamanda, “Yapon yakudzaları”, “Avstraliyalı baykerlər” və Cənub-Şərqi Asiyadakı etnik Çin dəstələri ilə birlikdə yerdəki cinayətkar qruplarla əməkdaşlıq etməyə başladı. İddiaya görə, sindikatın iyerarxiyası və logistikası son dərəcə mürəkkəbdir. Polis polkovniki Cey Li Tszyançjiyə görə, sindikat çox böyük pullara və böyük bir bazara sahibdir: “Bu sxemin gücü ağlasığmazdır”.
“Üzən bazalar”
Müstəntiqlərin Çxay En Çenin telefonlarını araşdırarkən edə bildikləri əsas kəşflərdən biri də metamfetaminin istehsal mərkəzinin Çindən Myanmanın şimal-şərqindəki Şan əyalətinə köçdüyünü üzə çıxarması idi. Yarı muxtar Şanda sindikat tam fəaliyyət sərbəstliyinə sahib idi: oradakı geniş ərazilər uzun illər qiyamçı qruplar tərəfindən idarə olunurdu. Keçmişdə bölgədə hökumət qüvvələri ilə davamlı toqquşmalar olmuşdu, lakin son on ildə vəziyyət kifayət qədər sakitləşmişdi və bu da qanunsuz fəaliyyətlərin inkişafına imkan verdi. “Sam Ko”nun Loikan kəndi yaxınlığında kafeinlə qarışdırılmış daha ucuz bir metamfetamin, heroin və ketaminin istehsal mərkəzinin olduğuna inanılırdı. 2018-ci ilin əvvəlində başqa bir basqın zamanı yerli təhlükəsizlik qüvvələri meşədəki fabrikdə narkotik istehsalı üçün nəzərdə tutulmuş 200 000 litrdən çox müxtəlif maddələr ələ keçirdi. Əlbəttə ki, bu sindikatın bir çox təşəbbüslərindən yalnız biri idi.
BMT-nin Narkotik və Cinayətlə Mübarizə İdarəsinin (UNODC) məlumatına görə, 2019-cu ildə Myanmanın şimal-şərqində istehsal olunan bir kiloqram kristal metamfetaminin qiyməti 1800 dollar qiymətləndirilib. Eyni zamanda, Tailandda ortalama pərakəndə satış qiyməti kiloqram üçün 70.5 min dollar, ABŞ-da təxminən 300 min, Yaponiyada 588 min idi.
Çxayın telefonundakı məlumatları araşdırmaq yüklərin hara köçürüldüyünü də müəyyənləşdirdi. Kiçik balıqçı gəmilərinin metamfetamini Myanmadan neytral sularda “üzən bazalara” gətirildiyi ortaya çıxdı. İddiaya görə, sindikat bu gün Yaponiyadan Yeni Zelandiyaya qədər ən azı on ölkəyə tonlarla metamfetamin, heroin və ketamin göndərir. UNODC-un hesablamalarına görə, “Sam Ko”nun 2018-ci ildəki gəliri 8 -17.7 milyard dollar arasında olub.
“Çinli Eskobar”
2019-cu ildə Asiyadakı bütün metamfetaminin topdan satış bazarı dərman sindikatına aid idi. Eyni zamanda, bazarın həcmi son 5 ildə dörd dəfə genişlənib. Son illərdə təhlükəsizlik qüvvələri Kamboca, Myanma və Tailandda çoxsaylı əməliyyatlar keçirərək, tonlarla narkotik maddə və milyonlarla dollar ələ keçirib. Lakin sindikat bu hücumlara dərhal cavab verib və fəaliyyətlərini yenidən qurub. Rəsmi qurumlar “üzən dərman anbarlarını” bağlaya bilsələr də, “Sam Ko” yük konteynerlərində daşınmağa keçib. Tailanda yük tədarükü kanalı bağlandıqdan sonra narkotiklər Laos və Vyetnamdan keçərək orada qaçaqmalçılıq yolu ilə gətirilməyə başlanıb, bir çox kuryer meşədən gizli yollarla keçib. Hətta bir neçə ölkənin xüsusi xidmət orqanlarının birgə planı belə Asiyanın narkotik sindikatını məğlub edə bilmir.
Tse Çi Lopa gəlincə, 2019-cu ildə Avstraliya onu axtarışa və həbs qərarı verdi. Ancaq “Çinli Eskobar”ı yalnız bu il yanvarın 22-də Amsterdamda həbs etmək mümkün oldu. Tse Çi Lopun bütün bu müddətdə necə sərbəst qaldığı, dünyanı necə sərbəst gəzməyi bacardığı aydın deyil. İndi o, 13 fərqli ittihamlar mühakimə olunacaq Avstraliyaya təhvil verilməsini gözləyir.
Tse Çi Lop həbs edilsə də onun qurduğu nəhəng şəbəkə hələ qalmağa davam edir.